COVİD-19 pandemiyası ilə əlaqədar Moskvada vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq müsabiqəsinə ərizə qəbulunun vaxtı sentyabrın 15-dək uzadılıb. Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə bu il oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulan müsabiqə pandemiya səbəbindən gələn ilədək ertələnib.

Fondun saytında yer alan məlumata görə, VI müsabiqə 2021-ci il aprelin 23-24-də keçiriləcək.

Xatırladaq ki, Müslüm Maqomayev adına vokal müsabiqəsi iki ildən bir təşkil olunur. Müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Sənət yarışmasında 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər.

Azərbaycanın Əməkdar artisti İlham Nəzərov Müslüm Maqomayev adına IV Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Daha bir vokalçımız Məhərrəm Hüseynli isə müsabiqənin ikincisi olub.