Avropa Yayım Birliyi (European Broadcasting Union) “Eurovision – 2021” mahnı müsabiqəsinin Rotterdamda (Niderland) keçiriləcəyini təsdiq edib.

Bu barədə məlumat mayın 16-da “Eurovision: Avropa bərq vurur” (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.

Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou-proqram, daha öncə də nəzərdə tutulduğu kimi, “Ahoy” konsert zalında təşkil ediləcək.

Qeyd edək ki, Rotterdam şəhərində 65-ci “Eurovision” mahnı yarışması bu ilin mayında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi koronavirus pandemiyası ilə əlaqədar müsabiqəni təxirə saldı.

Bu arada 2020-ci il “Eurovision” müsabiqəsinin iştirakçıları ləğv edilmiş şou əvəzinə virtual “təcrid konserti”ndə çıxış ediblər. Mayın 16-da gerçəkləşən onlayn konsertə 41 iştirakçı ölkənin namizədləri ilə yanaşı müsabiqənin bəzi əvvəlki qalibləri də qatılıb. Onlar öz evlərindən, salon, studiya və digər məkanlardan onlayn şəkildə 1997-ci ildə Böyük Britaniyanın Katrina qrupunun müsabiqədə qalib gəldiyi “Love Shine a Light” mahnısını ifa ediblər. Yalnız gecənin aparıcısı müsabiqənin keçirilməli olduğu Rotterdamdan konsertə qoşulub.

SƏBİNƏ