Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Moskvanın “Pyotr Fomenkonun emalatxanası” teatrının artistləri bakılı tamaşaçılara və şəhərimizin qonaqlarına “Canavarlar və qoyunlar” tamaşasını təqdim ediblər. Bu tamaşa rus dramaturqu, Rusiya milli teatr sənətinin formalaşmasında mühüm rol oynamış Aleksandr Nikolayeviç Ostrovskinin pyesi əsasında hazırlanıb.
“Pyotr Fomenkonun emalatxanası” teatrının tamaşaları müxtəlif teatr mükafatlarının laureatları olub. Bu tamaşalarda çıxış edən aktyorlar çoxsaylı Rusiya və beynəlxalq teatr festivallarına qatılıblar. “Canavarlar və qoyunlar” tamaşasının premyerası 1992-ci il mayın 22-də olub. Yenilənmiş heyətdə yeni tamaşa isə 2023-cü il sentyabrın 21-də təqdim edilib.
Yetərincə böyük yaşına baxmayaraq, pyes 150 ildən sonra yenə tamaşaçıların diqqətini cəlb edir, səfeh qoyunların ilk baxışdan təvazökar və vicdanlı olan canavarların tələsinə necə düşməsi tarixçəsini göstərir. Çox gözəl və tamaşaçını düşünməyə vadar edən əsərin süjet xətti kriminal ehtiraslar fonunda sevgi hekayələri və ən müxtəlif insan xarakteri təzahürləri ilə zəngindir. Moskvalı artistlər hər bir süjeti ustalıqla ifa edir, həm də teatrın quruluşunun mükəmməl olduğunu isbatlayırlar. Bu tamaşa klassikaya çox həssas münasibətin nümunəsidir və geniş məkanı, Çexov impressionizmi fonunda rus malikanəsinin yoxa çıxmasının xəfif kədəri, habelə yumor hissini əks etdirir. Pyesin süjeti veksellərlə fırıldaqlar kontekstində daha çox qrotesk janrında təqdim edilir. Onun müasir yozumu rejissor tərəfindən ustalıqla vurğulanır və tamaşaçıya mükəmməl şəkildə çatdırılır.
AZƏRTAC-ın müxbiri teatrın direktoru Andrey Mixayloviç Vorobyovla bu barədə söhbət edib.
– Niyə məhz “Canavarlar və qoyunlar”?
– Bu tamaşa bizim teatrdan bir yaş daha böyükdür. O, Moskvadakı Dövlət Teatr Sənəti İnstitutunda tələbə olan vaxt “Pyotr Fomenkonun emalatxanası”nın təsisçiləri tərəfindən yaradılıb. İdeya müəllifi çinli tələbə Ma Çjen Xun olub, onun assistenti isə kanadalı Everett Kristofer Dikson idi. O vaxt tamaşamızın ilk aktını başa çatdıran və Linyayev ilə Qlafira arasında dialoqu əks etdirən kiçik səhnə qurulmuşdu. O, çox gözəl idi. Pyotr Naumoviç qərara gəldi ki, bu material üzərində işi davam etdirmək lazımdır və müstəqil şəkildə tamaşaya quruluş verdi. Bütün Moskvanın tamaşa etdiyi bu quruluş artıq dördüncü kursda geniş tamaşaçı kütləsinə nümayiş etdirilməyə başladı və “Pyotr Fomenkonun emalatxanası” gənc teatrının repertuarında yer aldı. Hazırda teatrın 31 yaşı, tamaşanın isə 32 yaşı var.
– Müəllifin də ötən il keçirilmiş 200 illik yubileyinə hədiyyə oldu?
– Ostrovski həqiqətən də təsadüfən seçilməyib. O, Rusiyanın ən böyük dramaturqlarındandır. Belə bir fraza var: “Moskva çayı ətrafının Kolumbu”. Aleksandr Nikolayeviç məhz təsvir etdiyi dövrün Kolumbudur və onun pyeslərində baş verənlər bu gün də aktualdır. Tamaşaya baxanlar onun təkcə parlaq komediya deyil, həm də çox gözəl detektiv olduğunu görürlər. Qəhrəmanların veksellərlə bütün hoqqabazlıqları bu gün də mövcuddur. Sadəcə, onun formatı kağızdan rəqəmsala dəyişib.
– Bakı, Azərbaycanla bağlı təəssüratlarınız necədir?
– Əvvəlcə deyim ki, artıq Bakıda olmuşuq. 2006-cı ildə burada ilk qastrollarımız olub və Lev Nikolayeviç Tolstoyun “Ailə səadəti” tamaşasını göstərmişik. Sonra, 2017-ci ildə “ÜNS” teatrında Dostoyevskinin “Gülməli adam” hekayəsi əsasında səhnələşdirilmiş “Gülməli adamın yuxusu” tamaşasını təqdim etmişik. Bakıya üçüncü səfərimizdə, əlbəttə ki, azərbaycanlı tamaşaçılarla çox gözəl görüşün olacağını gözləyirdik. Onlar rus dilini, rus mədəniyyətini yaxşı bilirlər. Biz bir dövlətdən çıxmışıq, mentalitetlərimiz kifayət qədər yaxındır və bir-birimizi başa düşürük.
Qeyd etmək lazımdır ki, dünyəvi dövlət olan Azərbaycan mədəniyyətlə bağlı ən müxtəlif çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bu, təkcə teatr, kino, estrada ilə bağlı deyil. Burada çox böyük sərgilər keçirilir, məşhur artistlər, həm də təkcə Rusiyadan deyil, bütün MDB məkanından incəsənət xadimləri Azərbaycan paytaxtına axışırlar. Əlbəttə, tamaşaçı auditoriyası da yüksək səviyyədədir. İnsanlar çox gözəl səviyyəyə malikdir və şübhəsiz ki, incəsənətdən yaxşı anlayışları var. Bu mənada bizim teatrın əsas missiyası rus dram teatr sənətinin repertuarının qorunub saxlanılması və inkişafıdır. Əlbəttə ki, prinsipial olan tamaşaçı üçün hər məqamı düzgün çatdırmaqdır. Bu kontekstdə Azərbaycan auditoriyası bizim üçün çox mühümdür və prioritetlərimiz sırasındadır. Həm də burada mehriban Qafqaz qonaqpərvərliyi, ləziz mətbəx nümunələri ilə rastlaşacağımızı gözləyirdik. Azərbaycanın ən ləziz qastronomik palitrasını – Bakı plovu, kabab, pendirlə küftə, üzüm yarpaqlarından hazırlanan dolma çox ləzzətlidir. Azərbaycan şərabı da ayrıca qeyd olunmalıdır. Biz bütün bunların dadına baxa bildik.
– Zaman kontekstində Bakı ilə bağlı təəssüratlarınız necədir?
– Bakı gözümüzün qabağında dəyişir. Artıq ilk səfərimizdə “Alov qüllələri”ndə yerləşdik. Hələ də eyvanlarında paltarlar asılan beşmərtəbəli binalar var. Artıq köhnə binalar da gözəl milli naxışlarla bəzədilib. “Stalin” tikililərinin görkəmi yenilənir və Bakının bəzəyinə çevrilir. “Stalin” binaları sovet memarlığının xüsusi növüdür və incəsənət nümunəsidir. Hansısa məqamda biz hətta harada olduğumuzu unuduruq, bəzən elə gəlir ki, hazırda Parisdəyik. Bir məhəllədən sonra isə Londonda, daha bir məhəllə sonra Cenevrədəyik. Burada – Bakıda harada olduğunu belə unudursan.
– Bu dəfə sizin artistlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış etdilər.
– Bu, çox yaxşı teatrdır. Kollektivi də olduqca mehribandır. Teatr, onu sevənlər üçün ev kimidir. Onu qoruyur və divarlarının hərarətinə sığınırıq. Burada bizi mehribanlıqla, diqqətlə, qonaqpərvərliklə qarşıladılar. Bilirsiniz, elə meydançalar olur ki, səni orada çox soyuq qarşılayırlar. Burada isə teatra və həmkarlara sevgi hissi yaranır. Musiqili teatrın səhnəsinin seçimi onunla bağlıdır ki, burada tamaşamızı yeni şəraitə uyğunlaşdırmaq daha asandır. Çox təəssüflə qeyd etməliyəm ki, Rus Dram Teatrının səhnəsi bu tələbə tam cavab vermir. Bizim üçün səhnədə uğurla çıxış edən həmkarlarımıza dəstək vermək də çox vacibdir. Beləliklə, vurğulamalıyam ki, bu səhnə müstəsna olaraq texniki səbəblərdən seçilib.
– Teatrlarımızı birləşdirən daha hansı amillər var?
– Zalın qeyri-adi gözəlliyini ayrıca vurğulamaq istəyirəm. Qeyd edim ki, o, 432 tamaşaçı yeri olan öz zalımıza çox bənzəyir. Bu, həm də bizim sələfimiz olan və çox sevdiyimiz kamera teatrının standartlarına yaxındır.
– Bakıya yenidən gəlmək planlarınız varmı?
– Buna ümid edirik. Bəlkə də Azərbaycan tərəfi dəvət edəcək. Bizim cavab vermək imkanımız olmadığı çoxlu maraqlı dəvətlərimiz var...
“Canavarlar və qoyunlar” tamaşasında teatrın artistləri Natalya Kurdyubova, Aleksandr Morovov, Mariya Andreyeva, Yekaterina Smirnova, Taqir Raximov və başqaları çıxış edirlər.