Hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi ölkəmizdə də çeşidli tədbirlərlə qeyd edilər, o cümlədən teatr-konsert müəssisələri də uşaqlar üçün bu əlamətdar tarixi yaddaqalan etməyə çalışardılar.
Bu il ənənəvi kütləvi tədbirlər yerini onlayn nümayişlərə, virtual proqramlara verdi. Təbii ki, yenə məqsəd dünyamızın sevinci olan balacalara bayram ovqatı yaşatmaq, onları sevindirmək idi.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçıları ilə onlayn görüşə premyera tamaşa ilə gəldi. Teatrın “Youtube” kanalında və “Facebook” sosial şəbəkə səhifəsində rus şairi Aleksandr Puşkinin “Balıqçı və balıq haqqında nağıl”ı əsasında səhnələşdirilən “Qızıl balıq” tamaşası nümayiş etdirildi.
Hələ martın 10-da premyerası planlaşdırılan və koronavirus pandemiyası ilə əlaqədar təxirə düşən nümayiş iyunun 1-də (saat 12:00) baş tutdu. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.
Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi keyfiyyətləri təlqin edən tamaşada var-dövlətə, şan-şöhrətə hədsiz dərəcədə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur, xudbinlik və acgözlüyün acı sonluğu diqqətə çatdırılır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da uşaqların bayram ovqatına köklənmələri üçün repertuarındakı maraqlı uşaq tamaşalarından olan “Tıq-tıq xanım”ı təqdim edib. Teatrın sosial şəbəkə ünvanlarında nümayiş olunan bu tamaşa Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında hazırlanıb. Uşaqların sevərək izlədikləri tamaşanın quruluşçu rejissoru mərhum Xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Simurə Məhərrəmova, musiqi tərtibatçısı İradə Muradovadır.
Balacaların bayram sevincinə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da qoşulub. Qocaman sənət ocağının yaradıcı heyəti uşaqlara təbrikini “Dəcəl çəpişlər” adlı maraqlı nümunə ilə ifadə edib. Oqtay Zülfüqarov və Ramiz Heydərin birgə yaradıcılıq işi olan musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Zakir və Yelena Ağayevlərdir.
Uşaqları sevindirmək, onlara maraqlı gün bəxş etmək üçün karantin günlərində də maraqlı aksiyalar həyata keçirən, aktiv sosial fəaliyyət sərgiləyən Bakı Uşaq və Gənclər Teatrı 1 iyunu da onlar üçün yaddaqalan etməyə çalışdı.
Teatr “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birgə uşaqlar üçün onlayn interaktiv tədbiri “Facebook” platforması üzərindən canlı yayımladı. Canlı yayımda yarış həyəcanı yaşayan, qazanmaq üçün suallara doğru və tez cavab verməyə çalışan uşaqlar həm də teatrın repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləmək, rəngarəng musiqi nömrələrini dinləmək imkanı qazandılar.
HƏMİDƏ