Tarzən Ramiz Quliyevin və iranlı musiqiçilərin iştirakı ilə onlayn rejimdə klip çəkilib
Bütün dünyanın COVİD-19 pandemiyasının törətdiyi fəsadlardan əziyyət çəkdiyi bir vaxtda incəsənət xadimlərimiz Azərbaycanın musiqi mədəniyyətinin təbliğinə töhfələrini davam etdirir, öz ifaları ilə insanlara ruh və dəstək verirlər. Bu sırada ustad tarzən Ramiz Quliyevin də məxsusi yeri var.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə bildirib ki, bu yaxınlarda Xalq artisti, professor Ramiz Quliyevin ifasında görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Layla” mahnısına İran İslam Respublikası Milli Alətlər Orkestrinin bədii rəhbəri Əli Əkbər Qurbaninin təşəbbüsü ilə onlayn rejimdə beynəlxalq layihə kimi klip çəkilib.
“Ramiz Quliyevin Avropa ölkələrində və Amerikada bir neçə aparıcı simfonik orkestr ilə istər konsertləri, istər beynəlxalq simpozium və festivallar çərçivəsində saysız çıxışları olub. İranın Milli Alətlər Orkestri ilə də bir neçə il əvvəl “Fəcr” festivalında birgə ifaları baş tutmuşdu. Lakin indiki çıxışlarının tam fərqli, virtual formatda çəkilməsi müasir çağırışlara tam cavab verir”, - deyə N.İsmayılzadə vurğulayıb.
Mahnı kiçik həcmli olsa da, burada bəstəkarın fikir aydınlığı görünür, eyni zamanda xarakterində etnomusiqimizə aid laylaların intonasiyası aydın eşidilir. “Layla” mahnısını bir çox musiqiçilərimiz ifa ediblər. Ramiz Quliyevin İran musiqiçilərinin müşayiətilə onu birgə səsləndirməsi tamamilə yeni təəssürat yaradır, bunun da səbəbi onun fövqəladə sənət istedadına sahib olmasıdır. Ramiz Quliyevin əsl klassik ifa üslubunda sevimli tarını bağrına basıb yanıqlı çalaraq, barmaqlarının vurduğu xallarla, həzin melodiyanın axıcılığı ilə xəyalən bizi işğal altında olan Şuşaya, Cıdır düzünə aparır...
Klipin bu günlərdə televiziya kanallarında nümayişi başlanacaq.