Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının və “Skal İnternational Baku” klubunun təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və “Doğan GeoTermal Hattusa Vacations Club”un dəstəyi ilə Azərbaycan-Türkiyə onlayn turizm forumu keçirilib.
“Postpandemiya dövründə Azərbaycan və Türkiyə arasında alternativ turizm növlərinin inkişaf etdirilməsi, təhlükəsizlik dəhlizlərinin yaradılması konsepsiyası, sağlamlıq və termal turizm fəaliyyətləri” mövzusunda foruma Türkiyədən “Doğan Jeotermal Grup” və “Hattuşa Vacation Thermal Club”un İdarə heyətinin sədri Mehmet Əli Doğan, “Doğan Jeotermal”ın baş direktoru Tolğay Benderli, Azərbaycan tərəfindən Milli Məclisin deputatı Vüqar Bayramov, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Nərmin Qəniyeva və başqaları qatılıb.
Ruslan Quliyev Azərbaycan və Türkiyənin sağlamlıq turizmi potensialından danışaraq iştirakçılara ətraflı məlumat verib.
“Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov pandemiya dövründə sektorun cari vəziyyəti və postpandemiya dövründə baş verə biləcək vəziyyətlə bağlı fikirlərini bildirib.
Mehmet Əli Doğan Azərbaycanın Türkiyə üçün önəmli turizm destinasiyası, eyni zamanda, türk iş adamlarının yatırım etməsi üçün əlverişli və qardaş ölkə olduğunu vurğulayıb.
Qarşılıq sual və fikir mübadiləsi ilə keçən forumda 60-dan çox sektor nümayəndəsi iştirak edib.