ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə “Emil ilə nahar” adlı virtual caz konsert proqramı keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar təşkil olunan konsertdə Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjimanları və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.
Virtual konsertdə Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşovun “Nə bəxtiyardır”, Tofiq Quliyevin “Yol ayrıcında” və “Tez gəl” kimi məşhur Azərbaycan mahnıları səslənib. Emil Əfrasiyab konsert proqramını “İki dünya” adlı orijinal kompozisiyası ilə başlayaraq Vaqif Mustafazadənin məşhur “Əzizə” əsəri ilə yekunlaşdırıb.
Emil Əfrasiyab hazırda dünyanın ən məşhur musiqi kolleclərindən birində, ABŞ-ın Boston şəhərindəki (Massaçusets ştatı) Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında texniki cəhətdən bacarıqlı və intuitiv çıxışları ilə tanınır. O həm də bəstəkar və aranjimançı kimi fəaliyyət göstərir.
Virtual konsert yayımına Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və azərbaycanlı icmasının üzvləri, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva, Xalq artisti Ənvər Sadıqov və digər qonaqlar qoşulublar.
Cəmilə Cavadova-Spitsberqin rəhbərlik etdiyi AAMF Azərbaycan musiqisini ABŞ-da tanıtmaqla məşğuldur.
Qurumun son layihələrindən biri 2020-ci ilin aprelində elan olunan görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının “Muğam üslubunda fantaziya”sının ən yaxşı ifası üçün virtual müsabiqədir. Müsabiqənin münsifləri Culia Buşkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Nəticələr avqustda elan ediləcək.