Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA teatrı sayca səkkizinci tamaşasını hazırlayır. Kollektiv bu dəfə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinə müraciət edib.
Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, may ayından etibarən tamaşanın hazırlığına başlanılıb. Məşqlər pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçiriləcək. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaq.
Premyerası sentyabr ayına nəzərdə tutulan tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanır. Layihənin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.
Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət ƏSA teatrı 2016-cı ildə yaradılıb. 5-ci mövsümünü yaşayan teatr bir sıra uğurlu layihələr həyata keçirib.