Həzin və məlahətli ifası ilə könülləri oxşayan, qəlbləri riqqətə gətirən görkəmli müğənni, Xalq artisti Gülağa Məmmədov neçə on illərdir səsləndirdiyi nəğmələrlə insanlarla yol gedir. Bu il unudulmaz sənətkarın anadan olmasının 95 illiyi tamam olur.

Gülağa Allahverdi oğlu Məmmədov 28 iyun 1925-ci ildə Lənkəranda dünyaya göz açıb. Sonradan ailəsi Bakıya köçüb və uşaqlığı paytaxtda keçib.

Gülağa erkən çağlardan musiqiyə maraq göstərib. Yaşadıqları məhəllədə tez-tez qonşu uşaqları bir yerə yığar və mahnı oxuyarmış. Bir gün təsadüfən küçədən keçən Üzeyir Hacıbəyli bu mənzərənin şahidi olur. Uşaqların məlahətli səsi onu ayaq saxlamağa məcbur edir. Bir anlıq Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü yadına düşür. Tədbirdə Koroğlunun ariyasını ifa edəcək elə bu yaşda istedadlı uşaqları tapdığı qənaətinə gəlir. Həyətə keçir, uşaqları çağırır. Onları bir-bir sorğu-sual edir. Gülağa ilə də söhbəti olur. Onu Opera teatrında keçiriləcək müsabiqəyə dəvət edir. O, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmovun münsif olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.

On üç yaşlı Gülağa 1938-ci ildə Moskvada keçirilən dekadada Böyük Teatrın səhnəsində Koroğlunun “Səni gördüm, aşiq oldum” ariyasını oxuyur və sürəkli alqışlarla qarşılanır. O, Moskvadan gümüş medal və fəxri fərmanla Bakıya qayıdır. Bir müddət sonra Üzeyir bəy Gülağanı və anasını yanına çağırır, ailə vəziyyəti ilə maraqlanır. Dahi bəstəkarın köməkliyi ilə Gülağa Məmmədovun ailəsinə Mirzağa Əliyev küçəsində ikiotaqlı mənzil verilir və 250 manat aylıq təqaüd təyin edilir.

15 yaşında Səid Rüstəmovun ansamblına götürülən Gülağa sonra konservatoriyaya qəbul olunur. Bu təhsil ocağında vokal dərsini Bülbüldən, muğam sənətinin  sirlərini isə Hüseynqulu Sarabskidən öyrənir. Təhsilini başa vurduqdan sonra təyinatla indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işə başlayır. Bu sənət məbədində “Arşın mal alan”, “Beşmanatlıq gəlin” və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır.

Onu da qeyd edək ki, Gülağa Məmmədovun ifa etdiyi mahnıların çoxunun müəllifi Səid Rüstəmovdur. Çünki görkəmli bəstəkar da mahnılarının əksəriyyətini xüsusi olaraq onun üçün yazıb. Tofiq Quliyevin və Cahangir Cahangirovun da bir çox əsərlərinin ilk ifaçısı G.Məmmədov olub.

Müğənni 600-dən artıq xalq və bəstəkar mahnısının mahir ifaçısı kimi yaddaşlara köçüb. 10-dan çox bədii filmdə və teatr tamaşasında musiqi nömrələrini səsləndirib. Respublikanın əksər xalq çalğı alətləri ansamblı, simfonik orkestri ilə birgə çıxışlar edib. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və rəqs ansamblında da çalışan sənətkar tamaşaçıların, musiqisevərlərin rəğbətini qazanıb.

Xalq artisti, dirijor Nəriman Əzimov görkəmli sənətkarı xatırlayarkən deyib: “Onunla bir çox xarici ölkələrdə olmuşuq. Səfərlər zamanı çalışardıq xalqımızın adına, musiqi sənətimizin şərəfinə hörmət, nüfuz qazandıraq. Uğurumuzun əsas səbəbkarı Gülağa Məmmədov olub. O, həmişə alqışlarla qarşılanardı. Çoxlu dostu vardı. Xalq artistləri Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqaları  onunla işləməkdən həzz alardı. Yaxşı xatırlayıram, unudulmaz bəstəkar Cahangir Cahangirov şair Rəfiq Zəkanın sözlərinə yazdığı “Ana Kürüm” mahnısı lentə alınan vaxt kövrəldi. Onun bu sözləri indiyə qədər yaddaşımda qalıb: “Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın”. Həmin mahnı məşhur “Dəli Kür” bədii filmində səslənir.

1952-ci ildən ömrünün sonuna qədər indiki Azərbaycan Televiziya və Radiosunun S.Rüstəmov adına Xalq çalğı alətləri ansamblının solisti olan sənətkar məharətlə ifa etdiyi “Ay qız”, “Oxu, gözəl”, “Şeir deyilmi”, “Mənim qızım” və neçə-neçə qəlboxşayan nəğmənin əbədi sevilməsinə nail olub.

Araşdırmalarda G.Məmmədovun həm də yaxşı muğamat oxuması qeyd edilir. O, uzun müddət Azərbaycan Radiosunun Bədii şurasının üzvü olub. Şit, bayağı mahnıların efirə çıxmasına yol verməyib. Hərdən hansısa vasitələrlə həmin mahnıların efirdə səsləndiyini eşidər və məyus olarmış. Bu cür halların təkrarlandığını görən müğənni şuradan ayrılmağa qərar verir.

Görkəmli sənətkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilir və ona 1982-ci ildə “Xalq artisti” fəxri adı verilir. Məlahətli avazı ilə bu gün də sevə-sevə ifalarını dinləməkdən doymadığımız Gülağa Məmmədov 1994-cü il iyunun 7-də vəfat edib. “Azərbaycantelefilm” şirkəti tərəfindən 2002-ci ildə unudulmaz müğənni haqqında sənədli televiziya filmi lentə alınıb.

Savalan FƏRƏCOV