Uşaq mahnılarının müasir aranjemanda işlənməsi, belə nümunələrlə bağlı elektron resursların genişləndirilməsi dəfələrlə gündəmə gətirilib. Bu məqsədlə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi onlayn aksiyaya start verib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü başlanan aksiya iyunun 30-dək davam edəcək. Aksiya boyunca birliyin sosial şəbəkə hesablarında hər gün bir uşaq mahnısı yerləşdiriləcək. Azyaşlı uşaqların valideynləri, uşaq bağçalarının əməkdaşları, ibtidai sinif müəllimləri və musiqi müəllimləri yenidən nəfəs verilmiş retro mahnılar ilə bərabər, yeni uşaq mahnılarına, bəzi mahnıların karaoke versiyalarına da çıxış əldə etmiş olacaqlar. “Can bala”, “Noğullar”, “Gülən notlar”, “Dostlar” qrupu və digər uşaqların ifasında Fikrət Əmirov, Oqtay Zülfüqarov kimi bəstəkarların uşaqlar üçün yazdığı bəstələr yer alacaq.

Uşaq mahnılarının uşaqların həm mənəvi tərbiyəsi, həm də estetik zövqünün inkişafı üçün təkanverici qüvvə olması danılmaz faktdır. Uşaq mahnıları uşaqları maarifləndirməklə yanaşı, onları nikbin arzular ərtafında birləşdirir və ülvi hisslər yaşadır.