“Bakı Musiqi Akademiyasının Türkiyənin ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda onlayn seminar təşkil olunub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi ərəfəsində tədbirlər silsiləsindən olan seminar tədris ocağının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyası tərəfindən təşkil olunub.
Seminarda laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədovanın məruzəsi dinlənilib.
Məruzəçi BMA-nın təşkilatçılığı, iştirakı və dəstəyi ilə Türkiyədə keçirilmiş konqres və beynəlxalq konfranslardan söz açıb. Bu sıradan “Uluslararası Müzik və Dans Konqresi”, İSME – Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya Konqresi kimi tədbirlər diqqətə çatdırılıb. Məruzəçi akademiyanın elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadənin rəhbərliyi altında Azərbaycanın ənənəvi musiqi irsinin toplanması, notlaşdırılması və araşdırılması istiqamətində həyata keçirilən layihələrdən də söz açıb.
Seminarda professor G.Abdullazadə, elmi laboratoriyanın müdiri, dosent N.İsmayılzadə, aparıcı elmi işçi, dosent A.Abduləliyev və başqaları çıxış ediblər.