Balet tamaşaçının duyğularına birbaşa təsir edə bilən sintetik sənət növüdür. Böyük təkamül və inkişaf yolu keçən balet sənəti olduqca çətin, incə, zərif hərəkətlər, plastika tələb edən bir sənətdir. Baletdə hadisələri musiqinin müşayiəti ilə sözlər deyil, hərəkətlər, jestlər, rəqs elementləri deyir. İdeya, bədii fikir, hadisə rəqslə ifadə edilir.

Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun mədəni mühitimizdə ilk təzahürü XX əsrin əvvəllərindən özünü göstərirdi. 1920-ci ildə Üzeyir Hacıbəylinin yaratdığı “Dağıstan” xoreoqrafik miniatürü, Müslüm Maqomayevin yarımçıq qalan “Dəli Muxtar” baleti buna bariz nümunədir.

Azərbaycan musiqisində köklü dönüş yaratmış dünya şöhrətli bəstəkar, müasir peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin 1937-ci ildə tamaşaya qoyulan “Koroğlu” operasında müşahidə olunan rəqs səhnələri milli balet janrının yaranmasını daha da sürətləndirir. Əfrasiyab Bədəlbəylinin Qəmər Almaszadənin şərəfinə yazdığı “Qız qalası” baleti sonralar yeni balet nümunələrinin yaranmasına yol açır. Bu dövrdə teatrda klassik rus və Avropa balet nümunələri olan “Sonalar gölü” (Pyotr Çaykovski), “Don Kixot” (Lüdviq Minkus), “Baxçasaray fontanı” (Boris Asafyev), “Esmeralda” (Sezar Puni), “Qırmızı lalə” (Reynqold Qliyer) və s. kimi əsərlər tamaşaya qoyulurdu.

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Ə.Bədəlbəylinin “Qız qala”sından sonra 1950-ci ildə tamaşaya qoyulan ikinci milli əsər – Soltan Hacıbəyovun “Gülşən” baleti olur. Bu əsər də Azərbaycanda balet incəsənətinin formalaşmasında mühüm rol oynayır.

Növbəti illərdə Qara Qarayevin “Yeddi gözəl” baleti ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulur. Qara Qarayevin bu və “İldırımlı yollarla” balet əsəri Azərbaycan teatr sənətinin dünya şöhrəti qazanmasında böyük rol oynayır. Görkəmli bəstəkarın Piter Abrahamsın romanının motivləri əsasında yazdığı balet tamaşasındakı hadisələr Afrika xalqlarının azadlıq uğrunda mübarizəsini əks etdirir. “İldırımlı yollarla” əsərinin məzmununun ana xəttini – ağ irqə məxsus olan Sari adlı qızın qaradərili Lenni adlı oğlanla qarşılıqlı ülvi məhəbbəti təşkil edir. İrqçiliyin toxunulmaz qanunlarını pozmuş Lenni yerli camaatın və fermerlərin qəzəbinə gəlir. Yeni il gecəsi Sari evdən baş götürüb qaçmağa məcbur olur. Qəddarlaşmış təqibçilər hər iki gənci tutub amansızcasına qətlə yetirirlər. Baletdə bəstəkarın Cənubi Afrika musiqi folklorundan böyük məharət və sənətkarlıqla istifadə etməsi diqqəti cəlb edir.

Sonralar teatrın repertuarı “Məhəbbət əfsanəsi” (Arif Məlikov), ”Qaraca qız” (Əşrəf Abbasov; uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəri), “Min bir gecə” (Fikrət Əmirov), “Babək” (Aqşin Əlizadə), “Ağ və qara” (Xəyyam Mirzəzadə), “Eşq və ölüm” (Polad Bülbüloğlu) və s. baletlərlə daha da zənginləşir.

Qeyd etmək lazımdır ki, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin opera və balet teatrlarının repertuarında bu günə qədər öz aktuallığını qoruyub saxlamışdır. Baletin librettosu Nazim Hikmətə məxsusdur. N.Hikmət əsəri yazarkən məşhur “Fərhad və Şirin” haqqında rəvayətin ona daha yaxın olan türk variantından istifadə etmişdir. Pyes rus dilində 1952-ci ildə “Novıy mir” jurnalında dərc olunduqdan sonra çox tezliklə teatr ictimaiyyətinin nəzər-diqqətini cəlb edir və bir neçə ildən sonra gənc bəstəkar Arif Məlikov bu pyes əsasında balet tamaşası yaratmaq qərarına gəlir.

1970-ci illərin ən uğurlu səhnə əsəri isə Fikrət Əmirovun yazdığı “Min bir gecə” baletidir.

Azərbaycan səhnəsində yer almış “Ölümdən güclü” (A.Məlikov), “Xəzər balladası” (T.Bakıxanov), “Şur” (F.Əmirov), “Leyli və Məcnun” (Q. Qarayev), “Yallı” (R.Hacıyev, xoreoqrafik miniatür), “Yer üzündə iki nəfər” (A.Məlikov), “Muğam” (N.Əliverdibəyov – Mirzə Şəfi Vazehin şeir və qəzəlləri əsasında), “Çitra” (Niyazi), “Azərbaycan süitası” (R.Hacıyev), “Əlibaba və qırx quldur” (A.Məlikov), “Nəsimi dastanı” (F.Əmirov), “Kosa-kosa” (R.Həsənova – balet-pantomima), “Xəzəri fəth edənlər” (F.Əmirov – Xəzər neftçilərinin əməyinə həsr olunmuş xoreoqrafik poema), “Humay” (N.Məmmədov – Səməd Vurğunun “Komsomol poeması” əsasında), “İki ürək dastanı” (A.Məlikov), “Nizami” (F.Əmirov), “Şərq poeması” (T.Bakıxanov, R.Əhmədov – Sergey Yeseninin əsəri əsasında), “Xeyir və Şər” (T.Bakıxanov – uşaq baleti), “Boş beşik” (F.Əlizadə), “Don Kixot” (Q.Qarayev), “Yusif və Züleyxa” (A.Məlikov), “Qafqaza səyahət” (A.Əlizadə), “Rast” (Niyazi – ilk muğam-balet), “Qarabağ harayı” (T.Bakıxanov), “Ümid valsı” (A.Əlizadə), “Sehrli alma” (O.Zülfüqarov – uşaq baleti), “Sayalı” (E.Dadaşova – Novruz bayramında təbiətin oyanması), “Şeyx Sənan” (N.Məmmədov), “Cavad xan” (S.Fərəcov – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub) balet tamaşaları özünəməxsus yer tutur.

Balet mürəkkəb janr olduğu kimi, həm də ecazkar qüvvəyə malikdir. Məhz balet janrında musiqi və hərəkət vasitəsilə emosional təcrübənin ən mürəkkəb çalarlarını çatdırmaq mümkündür. Dövr, nəsil dəyişikliyinə baxmayaraq, bu janrda yazılmış əsərlər heç zaman öz aktuallığını və təravətini itirmir.

Keçmiş SSRİ-də Azərbaycan bəstəkarları tərəfindən yazılmış balet əsərləri hər zaman yüksək dəyərləndirilmiş və balet sahəsində Azərbaycan həmişə ön sıralarda olmuşdur.

Azərbaycanda xoreoqrafiya təhsil sisteminin yarandığı və inkişaf etdirildiyi tarixdən etibarən peşəkar kadrların Bakı Xoreoqrafiya Məktəbinə cəlb olunması və Rusiyadan bir sıra mütəxəssislərin pedaqoji kollektivə dəvət edilməsi nəticəsində respublikamızda xoreoqrafiya tədrisi prosesi daha da təkmilləşmiş, balet səhnəsi üçün kamil mütəxəssislərin hazırlanması sistemi formalaşmışdır. Təhsil sahəsində gedən inkişaf prosesi milli kadrların yetişməsinə geniş zəmin yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil kompleksi yaradılmışdır. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Bakı Xoreoqrafiya Akademiyası hazırkı gündə Azərbaycanda xoreoqrafiyanın müxtəlif sahələri üzrə peşəkar mütəxəssislər yetişdirən yeganə aparıcı ali təhsil ocağıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin rektor vəzifəsinə təyin edilməsi ilə akademiya öz inkişaf yoluna qədəm qoymuşdur.

BXA ümumi (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas (kollec) və ali təhsil (bakalavriat, magistratura, doktorantura səviyyələri) pillələri üzrə təhsil proqramlarını həyata keçirən respublikada yeganə çoxpilləli təhsil kompleksidir. Akademiyanın ən böyük uğurlarından biri xoreoqrafiya sənəti tarixində ilk dəfə Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqənin təsis edilməsidir. Müxtəlif ölkə nümayəndələrinin iştirak etdiyi və xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edən bu müsabiqə iki ildən bir keçirilir. Akademiya 2016 və 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı ilə müsabiqəni müvəffəqiyyətlə keçirməyə nail olmuşdur.

Şərq aləmində və MDB məkanında ilk və yeganə çoxpilləli təhsil ocağı olan Bakı Xoreoqrafiya Akademiyasının hər bir yetirməsi bununla böyük fəxr hissi duyur.  Professor Timuçin Əfəndiyevin Azərbaycanda xoreoqrafiya təhsilinin 90 illik tarixi və Bakı Xoreoqrafiya Akademiyasının 5 illik fəaliyyətinə həsr olunmuş “Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yol” kitabı milli rəqs sənətinin və ümumilikdə respublikamızda xoreoqrafiya təhsilinin formalaşması və inkişaf yolunu əks etdirən, Azərbaycan balet və rəqs ustalarının keçdiyi həyat və yaradıcılıq yolu haqqında zəngin materialları özündə ehtiva edən fundamental elmi əsərdir.

COVİD-19 pandemiyasının ölkə ərazisində geniş vüsət almasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində Bakı Xoreoqrafiya Akademiyası da tədris prosesini distant formada təşkil etmişdir. Bütün təhsil pillələri üzrə nəzəri fənlərin mühazirələri və ixtisas fənlərinə dair videodərslər “Facebook”, “Skype”, “Whatsapp”, “Zoom” proqramları vasitəsilə onlayn şəkildə həyata keçirilir.

Bu günədək BXA-nın 700-dən artıq şagird və tələbəsi heyəti ümumi fənlərlə yanaşı baletmeyster sənəti, xalq çalğı alətləri ifaçılığı, teatrşünaslıq, xoreoqrafiya sənəti, musiqi müəllimliyi, rəqs müəllimliyi, menecment, sənətşünaslıq və s. ixtisaslar üzrə keçirilən fənləri nəzəri və təcrübi baxımdan onlayn şəkildə sərgilənən dərslərin köməyilə mənimsəyiblər. Professor-müəllim heyəti, balet və rəqs ustaları, musiqiçi, rəssam, bəstəkar və baletmeysterlərlə yanaşı doktorant və dissertantlarının elmi-yaradıcılıq fəaliyyətini əks etdirən materiallar aprel ayından start verilən “Biz varıq və biz birlikdəyik” layihəsi çərçivəsində akademiyanın rəsmi “Facebook” səhifəsində işıqlandırılır.

Vəfa GÖVHƏR
Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi