Bu gün paytaxtdan kənarda, müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının hər birinin özünəxas yaradıcılıq yolu, repertuarı ilə yanaşı, öz tamaşaçı auditoriyası, həmçinin sənət məktəbi yetişməkdədir. Onlardan biri də 28-ci ilini yaşayan Qusar Dövlət Ləzgi Dram Teatrıdır.
Hərçənd bu teatrın sənət tarixi onun dövlət statusu almasından daha öncəyə gedib çıxır. Qusarın qabaqcıl ziyalılarının təşəbbüsü və təşkilatçılığı ilə 1963-cü il aprelin 15-də burada Xalq teatrı fəaliyyətə başlamışdı. Məhz o dövrdə aktyor, akrobat və kəndirbaz kimi tanınan Sərdar Xəzrinski, onun ömür-gün yoldaşı Minayə Ramazanova, müğənni Nora Əlimova, aktyorlar Vaqif Əlimov, İmaməli İlyasov, Pəri Həbibullayeva, Tamara Məmmədova, Balakərim Səfərov, Nüsrət Əliyev və başqaları öz çıxışları ilə Qusarın ictimai-mədəni həyatına yeni nəfəs gətiriblər. Belə bir dövrdə fəaliyyətə başlayan Xalq teatrı qısa müddət ərzində nəinki Qusar sakinlərinin, Azərbaycanın, eləcə də Dağıstanın ləzgi əhalisinin rəğbətini qazana bilib. Uğurlu addımları ilə özünün sənət yolunu təsdiqləyən Xalq teatrı 1987-ci ildə Ümumittifaq Xalq Teatrları Festivalının laureatı adına da layiq görülüb. Xalq teatrının bazası əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 saylı qərarı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 saylı əmri ilə Qusar Dövlət Ləzgi Dram Teatrı yaradılıb. Teatr yarandığı gündən Qusarda general M.Əbilov adına meydandakı Mədəniyyət evinin binasında yerləşib. Teatrın rəsmi açılışı isə 3 aprel 1993-cü ildə G.Figeyredonun “Tülkü və üzüm” pyesinin tamaşası ilə olub.
Teatrın tarixinə nəzər salarkən maraqlı faktlardan biri də diqqəti çəkir. 1992-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrı fəaliyyətə başlayarkən aktyor bazasının yaradılması məqsədilə buraya işləməyə Xalq teatrından 12 aktyor dəvət olunub. Teatra ilk illərdə Xamət Muradov (1992-1993), daha sonralar Əlfəddin Rəhimxanov (1993), Məclum Fərzəliyev (1993-1998), Kuzma Əlimətov (1998-2000) və Rəhimxan Qaraxanov (2000-2011) rəhbərlik edib. Əməkdar mədəniyyət işçisi Rəhimxan Qaraxanov bu teatrın səhnəsində 70-dən artıq obraz yaratmaqla yanaşı, 42 tamaşaya rejissor olaraq səhnə həyatı bəxş edib. O, S.S.Axundovun “Tamahkar”, S.Rəhmanın “Aşnalar”, “Hicran”, İ.Əfəndiyevin “Bizim qəribə taleyimiz”, “Atayevlər ailəsi”, M.Əlizadənin “Dağ çiçəyi” kimi pyeslərini ləzgi dilində tamaşaya hazırlayıb. Bu illərdə həmçinin Ə.Fərzəliyevin “İmam Şamil”, M.Rüstəmovun “Hava açılır”, “Həmdullahın xam xəyalı”, “Ziyarətdən qayıtmış Hacı”, “Səfərbəyin toyu”, Ş.Gərəyxanovun “Yeddi qızın anası”, B.Əlibəyovanın “Bitməmiş mahnı” kimi pyesləri teatrın repertuarında əsas tamaşalar kimi yer tutub.
2011-ci ildən isə Qusar Dövlət Ləzgi Dram Teatrına Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov rəhbərlik edir. O, 15 iyun 1960-cı ildə Qusar rayonunun Əcəxur kəndində anadan olub. 2001-ci ildə Dərbənd Musiqi Texnikumunu, 2009-cu ildə Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunu bitirib. Teatr səhnəsində bir sıra maraqlı obrazlar ifa edib. Sovet İttifaqı Qəhrəmanı general Mahmud Əbilovun obrazını yaratmaq da ona qismət olub. O, həmçinin Mahmud Əbilovun həyat və fəaliyyətinə həsr olunan filmdə generalın obrazını yaradıb. Onlarla mahnının müəllifi olan F.Qardaşov ilk dəfə Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirinə musiqili kompozisiya bəstələyib. Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, A.Mehmanın “Xarıbəy-Sarıbəy”, “Şurşurali”, “Sevimli Sədəf”, Z.Yaqubun “Böyük ömrün dastanı”, Ə.Əmirlinin “Köhnə ev”, Rafiq Səməndərin “Şəhidlər” və s. pyeslərə quruluşlar verib və eyni zamanda həmin tamaşalara mahnılar yazıb. Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Teatrın fəaliyyətindən söhbət düşərkən Faiq Qardaşov deyir: “Son illər tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların teatrımıza marağı daha da artıb. Ümumilikdə teatrımız fəaliyyətdə olduğu 28 ildə 130-a yaxın səhnə əsərini tamaşaçılara təqdim edib”.
Teatrın repertuarında M.Rüstəmovun “Səfərbəyin toyu”, X.Əlibəylinin “Dovşanın ad günü”, Azərbaycan xalq nağılı əsasında hazırlanan “Göyçək Fatma”, İ.Məlikzadənin “Hərənin öz ulduzu”, M.Abdullahın “Əsir qadın”, A.Şaiqin “Gözəl bahar”, Ə.Əmirlinin “Səhnədə məhəbbət”, H.Mirələmovun “Vəsiyyət”, Ə.Novruzbekovun “Peşəkar ər”, Ə.Nesinin “Öldür məni, canciyər” kimi pyeslərin tamaşaları maraqla qarşılanan səhnə əsərləri olaraq diqqəti cəlb edir. Eləcə də bu teatrın səhnəsində M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” (rejissor Ağalar İdrisoğlu, 2012), M.Əlizadənin “Fırıldaqçılar” (rejissor Loğman Kərimov, 2014) və R.Rəhimlinin “Sönmüş talelər” (rejissor Laləzar Hüseynova, 2019) pyesləri dövlət sifarişi ilə hazırlanıb. Repertuarı zənginləşdirməyə çalışan yaradıcı kollektiv C.Cabbarlının “Aydın”, M.F.Axunzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyeslərini hazırlanmağı planlaşdırır.
Xatırlatmaq yerinə düşər ki, Qusar Dövlət Ləzgi Dram Teatrında Əlfəddin Rəhimxanov, Rəhimxan Qaraxanov, Balakərim Səfərov, Bağır Əhmədov kimi peşəkar Azərbaycan teatrının yetişdirdiyi professional rejissorlar uğurla fəaliyyət göstəriblər. Bu gün onların yolunu Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova davam etdirir.
Laləzar Hüseynovanın quruluş verdiyi Rafiq Rəhimlinin “Üç gün, üç gecə” psixoloji dramı maraqla qarşılanan və uğurlu rejissor traktovkası ilə diqqəti cəlb edən səhnə əsərlərindəndir.
Əsərdə narkomaniya problemi, tənhalıq və bu tənhalıqdan doğan insan hissləri qabardılıb. Üç nəfər iştirakçısı olan tamaşada cərəyan edən hadisələrin axarında qısa zaman kəsiyində müxtəlif zümrələrə məxsus çoxlu personajlar qrupu, müxtəlif peşə və vəzifə sahibləri ilə yaxından tanış oluruq. Bütün bunlar isə tamaşanın quruluşçu rejissorunun traktovkasında maraqlı detallar ilə təqdim edilir. Adətən bir məkan çərçivəsində hadisələri ardıcılıqla təqdim etmək rejissordan böyük diqqət və müşahidə tələb edir. Bu mənada L.Hüseynova bir məkan çərçivəsində baş verən çoxlu sayda hadisələri elə ahəngdarlıqla təqdim edə bilib ki, olan və olacaqları bir an da olsa belə həyəcansız izləməmək mümkün deyil.
Yaradıcı kollektiv bir sıra teatr festivallarında da uğurla iştirak edib. “2+1” II Eksperimental Teatr Festivalında Ə.Nesinin “Öldür məni, canciyər”, 2018-ci ildə keçirilən “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festivalında və 2019-cu ildə keçirilən “2+1” III Eksperimental Teatr Festivalında R.Rəhimlinin “Üç gün, üç gecə” pyeslərinin tamaşaları maraqla qarşılanıb.
Teatrın uğurlarını daha da zənginləşdirmək, həmçinin fəaliyyətin daha da səmərəli və çoxşaxəli təşkili məqsədilə vacib olan bir məsələni də diqqətə çatdırmaq istərdim. 28 illik bir yaradıcılıq yolu keçən Qusar Dövlət Ləzgi Dram Teatrının ayrıca binasının olmaması yaradıcılıq fəaliyyətinə təsirini göstərməkdədir. Teatrın kollektivi ümid edir ki, bu məsələ yaxın gələcəkdə öz müsbət həllini tapacaq və Qusar Dövlət Ləzgi Dram Teatrı bundan sonra da multikultural Azərbaycanımızın mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini daha da yüksək səviyyədə davam etdirəcək.
Anar BURCƏLİYEV
teatrşünas