“Azərbaycan Cümhuriyyətinin tarixi irsini buradakı insanlara anlatmaq istəyirik”
Bu yaxınlarda Türkiyənin Manisa vilayətinin Turqutlu qəsəbəsindəki parklardan birinə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı verilib. Turqutlu Bələdiyyəsinin qərarı ilə Rəsulzadənin adı verilən Ergenekon məhəlləsindəki parkın girişində bununla bağlı lövhə vurulub.
Bu ideyanın reallaşmasının əsas təşəbbüskarı isə Rəsulzadənin vaxtilə Ankarada qurduğu Azərbaycan Kültür Dərnəyinin Turqutlu şöbəsinin rəhbəri Ünal Kağbadır.
Ünal Kağba əslən İqdırdan olan Azərbaycan türklərindəndir. Özünün bildirdiyinə görə, Azərbaycan Kültür Dərnəyi ilə tanışlığı erkən yaşlarından başlayıb: “Uşaqlığımdan bəri Azərbaycan sevdası, Turan anlayışları ilə böyüdüm. Ali təhsilimi başa vurub dərnəyə gəldim və 2011-ci ildə dərnək rəhbəri seçilərək fəaliyyətə başladım. Biz İqdırda yaşayan Azərbaycan türkləriyik və Azərbaycan ideyası bizim aləmimizdə fərqli bir duyğuya sahibdir”.
Ü.Kağba söhbət əsnasında parkla bağlı ideyanın yaranmasından da bəhs etdi: “Türkiyənin Qars və İqdır bölgələrindən olan Azərbaycan türklərinin Manisada yerləşməsi artıq dərnək olaraq bizə bir vəzifə verirdi: burada azərbaycançılıq fikirlərini yaymaq və təbliğ etmək. Biz bu istiqamətdə keçirdiyimiz hər bir tədbirə, proqramlarımıza daha çox adamları cəlb etməyə çalışmışıq. Bu fəaliyyətimiz davam edəcək. Azərbaycan Kültür Dərnəyinin bir təmsilçisi olaraq bu işləri görərkən fərqli hisslər yaşayıram. Turqutluda Rəsulzadə adına parkın olması da Azərbaycan Cümhuriyyətinin tarixi irsini buradakı insanlara anlatmaq, Azərbaycanın üçrəngli bayrağını burada dalğalandırmaq istəyimizdən irəli gəlib. Bu məqsədlə bələdiyyə başqanı Çetin Akına müraciət etdim. Çetin bəy mənə heç vaxt unutmayacağım cavabı verdi: “Türk dünyasında ilk cümhuriyyəti quran liderin adının yaşadılması sizin qədər bizim də vəzifəmizdir”.
Ü.Kağba bu məsələnin bələdiyyə toplantısında müzakirəsi zamanı çıxış edərkən Atatürkün Rəsulzadə ilə bağlı söylədiyi sözləri də dilə gətirib: “Məhəmməd Əmin bəy, mən bu dünyaya səndən üç il əvvəl gözümü açdım, lakin türk dünyasında cümhuriyyət bayrağını ilk dəfə Azərbaycanda sən qaldırdın. Bayraq enməsin deyə, mən onu sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. Enməz demişdin və bu bayraq enməyəcək”. Çıxışımı bu sözlərlə bitirdim. Sonra səsvermə keçirildi və bütün iştirakçıların səs birliyi ilə Rəsulzadənin adının parkda yaşadılması qərara alındı”.
Həmsöhbətim deyir ki, Azərbaycan Kültür Dərnəyinin Turqutlu şöbəsi 1994-cü ildə fəaliyyətə başlayıb və bu günə qədər Azərbaycanın təqvimində yer alan bayramları, tarixi günləri, eləcə də Xocalı soyqırımının ildönümü kimi tarixləri hər il müxtəlif mərasimlərlə qeyd edir.
Hazırda bütün dünyanın qlobal probleminə çevrilən koronavirus pandemiyasına görə bir çox tədbirlərin təxirə salındığı çətin bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü də Rəsulzadə parkında qeyd edilib. Turqutlu Bələdiyyəsinin başqanı Çetin Akın da tədbirin fəxri qonağı olub və çıxış edib.
Mehparə SULTANOVA
Ankara