Həmidrza Rzai: “Ümid edirəm ki, Azərbaycan musiqisinin təmsilçisi kimi finala qədər gedəcəyəm”

Koronavirus pandemiyası cəmiyyət həyatının bütün sahələrinə öz mənfi təsirini göstərib. Ənənəvi festival, müsabiqə, sərgi, konfrans və yarışlar ya növbəti ilə ertələnir, ya da virtual formada keçirilir.

Ənənəvi olaraq hər il ABŞ-da təşkil edilən Beynəlxalq folklor festivalı pandemiya səbəbindən bu il onlayn formada təşkil olunur. “Qlobal mədəni təşəbbüslər” devizi ilə keçirilən festivalda Azərbaycan musiqisini əslən İranın Zəncan şəhərindən olan soydaşımız gənc xanəndə Həmidrza Rzai təmsil edir. 

Xanəndə ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb festivala qatılması və musiqi fəaliyyəti barədə suallarımızı ünvanladıq. Musiqiçi bildirdi ki, 2015-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Burada Əməkdar müəllim Qəzənfər Abbasovdan dörd il muğamlarımızı öyrənib. Daha sonra təhsilini  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. Xalq artisti Teyyub Aslanovun sinfində oxuyub. Hər iki müəllimə təşəkkür edən gənc ifaçı Azərbaycanda olduğu müddətdə müxtəlif ustad sənətkarlardan da bəhrələndiyini vurğulayır.

Muğama marağının hələ uşaq yaşlarından formalaşdığını bildirən H.Rzai deyir: “Atam həmişə  böyük məhəbbətlə muğamları dinləyərdi, lent yazılarını alardı. Mən də dinləyər, zümzümə edərdim. Mərhum Ağaxan Abdullayevin səsinə vurğun idim. Azərbaycana gələnə qədər İranda muğamları bəzi müəllimlərdən öyrənməyə cəhd etdim. Tar ifaçılığını isə Bəhruz İsgəndər adlı dostumdan öyrəndim. O, Naxçıvanda tarzən Əkrəm Məmmədlinin tələbəsi olub. Zəncanda hazırda pedaqoq kimi fəaliyyət göstərir. Tarın ecazkar səsinin vurğunuyam. O, şah alətdir. Azərbaycanda təhsil aldığım beş il müddətində həm də tədqiqatçı kimi yetişməyə başladım”.

Beynəlxalq folklor festivalında iştirakı ilə bağlı fikirlərini bölüşən musiqiçi vurğuladı ki, bu ənənəvi tədbirdə dünya xalqlarının folklor musiqisinə də nəzər salınır. Festival gənc və istedadlı ifaçıların tanıdılması üçün gözəl fürsətdir: “Builki festivalın 112 ölkədən 3500-ə qədər iştirakçısı var. İnstrumental, solo ifa və rəqs janrlarında hər bir iştirakçı öz sosial şəbəkə hesabından yaradıcılıq nümunəsini festivalın saytına təqdim edib. Mən bu festivalda muğam üçlüyü ilə “Arazbarı” muğamını təqdim etdim. Münsiflər heyəti ifanı bəyənib və yarımfinal mərhələsinə keçmişəm. İyunun 1-dən 15-nə kimi yarımfinal mərhələsi davam edəcək. Paylaşdığımız video nə qədər çox səs yığarsa, qalib də həmin ifaçı olacaq. Hər qrupdan bir nəfər qalib elan ediləcək. Karantin bitən kimi festivalın qala-konserti keçiriləcək. Ümid edirəm ki, Azərbaycan musiqisinin təmsilçisi kimi finala qədər gedəcəyəm və qaliblərdən biri olaraq mədəniyyətimizin gözəl şəkildə təbliğinə öz töhfəmi verəcəyəm”.

Biz də ifaçıya uğurlar arzulayırıq.

Lalə AZƏRİ