Rəssamın muzeydə qorunub saxlanılan əsərlərinin orijinallığına dair bəzi media resurslarında yayılan iddialar əsassızdır

Son zamanlar bir sıra media resurslarında Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyətinə kölgə salan, o cümlədən Xalq rəssamı Səttar Bəhlulzadənin muzeydə qorunub saxlanılan əsərlərinin orijinallığına dair iddiaların yer aldığı yazılar dərc olunub. Azərbaycan Milli İncəsənət Muzeyi bununla bağlı mətbuat üçün məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Milli İncəsənət Muzeyində dünya və Azərbaycan bədii mədəniyyətinə aid nadir sənət inciləri saxlanılır. 18000-dək sənət nümunəsinin mühafizə edildiyi muzeyin zəngin kolleksiyası çeşidli və əhatəlidir. Muzeyin fondunda dünya incəsənətinin müxtəlif dövr və geniş coğrafiyasını əks etdirən qiymətli nümunələr, o cümlədən milli bədii mədəniyyətimizin “qızıl fond”unu təşkil edən əsərlər toplanıb.

Muzeyin Azərbaycanın mədəni həyatında müstəsna əhəmiyyəti ölkə rəhbərliyinin ona göstərdiyi davamlı qayğıda öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2011-ci il tarixli 698 saylı Fərmanı  ilə muzeyə “Milli Muzey” statusu verilib.

Son illər muzeydə ölkəmizin mədəni həyatı üçün mühüm hadisələrə çevrilən sərgi və təqdimatlar keçirilib. 2012-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü və dəstəyi ilə təşkil edilən “Fransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədək” sərgisi özünün bədii dəyəri, mövzu dərinliyi və eksponatların zənginliyi ilə səciyyələnərək belə önəmli tədbirlərdən biri olub. 2017-ci ildə V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində  “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” adlı sərgi təşkil edilib. Sərgidə muzeyin fondunda saxlanılan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənəti Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan XVI-XVIII əsrlərə aid Azərbaycan bədii nümunələri təqdim edilib.

“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgiləri incəsənət vasitəsilə ölkələrarası mədəni dialoq baxımından əhəmiyyətli layihələrdir. Görkəmli fırça və tişə ustaları B.Kəngərli, S.Bəhlulzadə, Ö.Eldarov, T.Salahov, M.Rəhmanzadə, M.Abdullayev, T.Nərimanbəyov, C.Mircavadov, H.Əliyev, O.Sadıqzadə, T.Şıxəliyev, N.Əbdürrəhmanov, E.Rzaquliyev və digərlərinin muzeyin fondları əsasında təşkil olunan sərgiləri respublikanın mədəni həyatında əlamətdar hadisələr kimi yadda qalıb.

Muzey Fransanın Luvr, İtaliyanın “Pinacoteca di Brera”, Almaniyanın Berlin Milli, Rusiyanın Ermitaj, Ukraynanın Taras Şevçenko adına Milli, Qazaxıstanın Təsviri Sənət, Gürcüstanın Milli muzeyləri və Tbilisi Dövlət İncəsənət Akademiyası ilə sıx əməkdaşlıq münasibətləri yaradıb. 

Azərbaycan Milli İncəsənət Muzeyi həmçinin bir sıra sosial yönlü layihələr həyata keçirir. Sağlamlıq imkanlarından qismən məhrum olan şəxslər üçün çeşidli tədbirlər bu qəbildəndir. Muzey mədəniyyətimizin və incəsənətimizin təbliği, böyüməkdə olan gənc nəsildə milli vətənpərvərlik ruhunun yüksəldilməsi,  intellektual və yaradıcı baxışların formalaşmasına yönəlmiş işlər görməkdədir.

Ölkənin mədəniyyəti üçün bu cür önəmli işlərin davamlı şəkildə gerçəkləşdiyi məkan barəsində son zamanlar biri sıra media resurslarında əsassız materiallar yayılmaqdadır. Muzeyin fəaliyyətinə kölgə salan fikirlərin əsassızlığını, muzeyin fəaliyyətinin açıq və şəffaf olduğunu nümayiş etdirmək məqsədilə burada qorunub saxlanılan mədəniyyət nümunələrinin, o cümlədən  Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin saxlanma vəziyyəti ilə tanışlıq məqsədilə geniş tərkibdə komissiya təşkil edilib.

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun sədrliyi ilə təşkil olunan komissiyanın tərkibinə Xalq rəssamları – Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Rəssamlar İttifaqının katibi Səlhab Məmmədov, ittifaqın bölmə müdirləri Tofiq Ağababayev, Arif Hüseynov, rəngkar Cəlil Hüseynov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, muzeyin şöbə müdirləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev, Əməkdar rəssam Natiq Səfərov, Əməkdar mədəniyyət işçisi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, əntiq əşyalar üzrə ekspert Şahin Orucov daxildir.

Komissiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanılan, o cümlədən Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin monitorinqi keçirilib. Monitorinq zamanı müəyyən edilib ki, əsərlərin hamısı muzeyin inventar kitabında qeydə alınaraq nömrələrə uyğun saxlanılır, onların qorunub saxlanılma şəraiti  və vəziyyəti yüksək dəyərləndirilib, əsərlərin orijinallığı təsdiqlənib.

Komissiyanın sədri, Xalq rəssamı Ömər Eldarov Azərbaycan Milli İncəsənət Muzeyinin fondundakı əsərlərin saxlanma şəraitindən məmnunluğunu qeyd edib və onların tam şəkildə beynəlxalq standartlara cavab verdiyini vurğulayıb. O, Səttar Bəhlulzadənin muzeydəki əsərlərinin sayının muzeyin daxilolma kitabına uyğun olduğunu təsdiqləyib. Ömər Eldarov bütün komissiya üzvləri adından bildirib ki, S.Bəhlulzadənin müəllif olduğu bütün əsərləri həm say baxımından, həm də qeydiyyat baxımından düzgündür.

Onların orijinallığına şübhə yoxdur, çünki müəllifin dəst-xətti unikaldır, onu təkrarlamaq qeyri-mümkündür və komissiya üzvləri bunu öz imzaları ilə təsdiqləyir.  

Göstərilənlər nəzərə alınaraq komissiya üzvləri tərəfindən imzalanmış rəsmi protokol tərtib edilib. Protokolda bildirilir ki, Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanılan əsərlərinin orijinallığına dair 27 may 2020-ci il tarixində bəzi media resurslarında yayılan iddialar əsassızdır və həqiqəti əks etdirmir.

Gələcəkdə Azərbaycan Milli İncəsənət Muzeyi barədə məlumatın mediada yayılmasından öncə müvafiq dəqiqləşdirmələrin aparılması üçün muzeyə müraciət edilməsi tövsiyə olunur. Muzey rəhbərliyi bu istiqamətdə ictimaiyyətlə işləməyə açıqdır və cəmiyyətimizi narahat edə biləcək hər hansı bir məsələyə aydınlıq gətirməyə hazırdır.