73-cü Kann Beynəlxalq Film Festivalı (may ayında keçirilməli idi) bu il pandemiya və karantin səbəbindən təxirə salınsa da, festivalın proqramlarından birinin – “Tənqid həftəsi”nin (la Semaine de la Critique) oktyabrda təşkil nəzərdə tutulur.
Kann Festivalının 59-cu “Tənqid həftəsi”nin ekran əsərləri arasında azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi də yer alıb.
“Tənqid həftəsi” bu il COVİD-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə işə başlayıb. Bu il 5 tammetrajlı və 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanacaq.
Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu (Fondation Gan pour le Cinema) yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib.
“Tənqid həftəsi 2020” etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək “Festival Scope Pro” platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.
Xatırladaq ki, Teymur Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi 2014-cü ildə Kann festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilmişdi.
T.Hacıyev 1982-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində iqtisadi kibernetika üzrə bakalavr və Qərbi Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnib. 2013-cü ildə “Fil Production” şirkətini təsis edib. Həmin il çəkdiyi “Yara” adlı ilk qısametrajlı filminin premyerası ABŞ-da “Palm Springs ShortFest” festivalında gerçəkləşib. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada, Tampere festivalında nümayiş olunub. T.Hacıyevin “Duz, istiot zövqə görə” adlı qısametrajlı filmi Rotterdam Beynəlxalq Film Festivalında təqdim edilib.