Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebicin xanımı, rəssam Günay Zebicin koordinatorluğu ilə “Qobu Park-3” yaşayış kompleksindəki “Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.
Tədbirdə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı və oğlu, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic, xanımı Günay Zebic və uşaqları iştirak ediblər. Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı, Milli Konservatoriyanın tərkibindəki Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə onlayn formada qoşulub.
Tədbirdə Günay Zebicin “Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olub. Rəssam əsəri Bakı məktəblilərinin pandemiyaya qarşı mübarizə ilə bağlı fikirləri əsasında yaradıb.
Mərasimdə gimnaziyanın şagirdlərinin iştirakı ilə hazırlanmış “Xarı bülbül” tamaşasının nümayişi olub. Gimnaziyanın şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər ifa ediblər.