Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Film Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.
Məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann festivalına təqdim etdiyi “Əgər külək olsa” (Si le vent tombe) filminin yayımlanmasına etiraz bildirilib.
Qeyd olunub ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib.
Məktubda o da diqqətə çatdırılır ki, filmdə göstərilən Xocalı aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub.
Məktubda festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqda məlumatlar yer alıb.
Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunur.