Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının iyunun 9-da növbəti onlayn seminarı keçirilib.
Məruzəçi Fidan Nəsirova əvvəl postsovet dövründə Azərbaycanda caz janrının yaranması və inkişafı tarixinə ekskurs edərək, 1939-cu ildə görkəmli bəstəkarlar T.Quliyev və Niyazinin əməyi nəticəsində təşkil edilən caz orkestri, Rauf Hacıyevin 1957-ci ildə yaratdığı estrada orkestri ilə bağlı məlumat verib. Vurğulanıb ki, Azərbaycan musiqi tarixində 60-cı illər cazın xüsusi inkişaf dövrü olub. Məruzəçi həmin dövrdə Bakıda istedadlı ifaçı və bəstəkarların – Vaqif Mustafazadənin, Rafiq Babayevin bu janrda fəaliyyəti, onlar tərəfindən yaradılan “Leyli”, “Sevil”, “Cəngi” estrada ansamblları haqqında məlumat verib.
Məruzəçi daha sonra XX əsrin böyük bəstəkarı Qara Qarayevin çoxşaxəli yaradıcılığına müraciət edərək onun səs (bas) və caz orkestri üçün yazdığı “Üç noktürn”ü (L.Xyuzun sözlərinə) barədə danışıb. Qeyd olunub ki, bəstəkar bu janra özünəməxsus şəkildə müraciət edərək, janrın emosional gücünü, irqi ayrı-seçkiliyə məruz qalan qəhrəmanın acı taleyini qabarıq şəkildə musiqi dili ilə açır. 1958-ci ildə yazılmış əsər “İldırımlı yollarla” baleti ilə uyğunluq təşkil edir. Q.Qarayev noktürnlərinin musiqi dilində mürəkkəb intervalların yerdəyişməsi və qədim ladların özünəməxsus şəkildə növbələşməsi təsvir olunur.
Onlayn seminara BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın əməkdaşları qatılıblar. Məruzəçi iştirakçıların suallarını cavablandırıb.