Beynəlxalq Muğam Mərkəzi (BMM) muğam sənətinin müxtəlif istiqamətlərində tədqiqatlar aparır. Muğam korifeylərinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşdırılır. Layihənin rəhbəri Xalq artisti Murad Hüseynov, koordinatoru tədqiqatçı alim Gülhüseyn Kazımlıdır.
Ötən müddətdə bu çərçivədə Hacı Hüsü, Mirzə Güllər, Mirzə Məhəmməd Həsən kimi sənətkarlar haqqında maraqlı faktlar təqdim edilib.
Layihə üzrə növbəti tədqiqat XIX əsrin sonu – XX əsrin birinci yarısında muğam sənətimizin görkəmli nümayəndələrindən biri olmuş, 1930-cu illərdən Türkiyədə yaşamış və orada vəfat etmiş xanəndə Məşədi Məmməd Fərzəliyev ilə bağlıdır.
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. O, gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib. Orta Asiyada, İranda, Türkiyədə, hətta Avropanın bir sıra ölkələrində tanınıb. “Şüştər” muğamının usta ifaçısı kimi daha məşhur olub. 1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncəyə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.
1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxıb, bir daha Azərbaycana qayıtmayıb. O, uzun illər Türkiyənin İstanbul şəhərində yaşayıb və 1962-ci ildə dünyasını dəyişib.
Tədqiqatlar nəticəsində xanəndənin irsi ilə bağlı musiqi mədəniyyətimizə məlum olmayan bir sıra yeni sənədlər aşkar edilib, xanəndənin məzarı, arxivi, mühacirətdəki fəaliyyəti ilə bağlı axtarışlara başlanılıb. Xanəndənin irsinin araşdırılmasına BMM-in təşəbbüsü ilə Türkiyədə yaşayan jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsini araşdıran jurnalist Hafiz Əhmədov da cəlb edilib.
Araşdırmalar nəticəsində vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Hüseyn Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub Milli Arxiv İdarəsindən əldə edilib. Məktub əldə ediləndən sonra məlum olub ki, axtarışlar Məşədi Məmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə aparılmalıdır, çünki Firudin müəllimə yazılan məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib.
İlk nəticələr uğurlu olub. Dilqəm Əhmədin Türkiyədə əldə etdiyi arxiv sənədləri əsasında məlum olub ki, 1949-cu ildə Türkiyədə xanəndənin yaradıcılığının 50 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib. Həmin dövrdə İstanbulda “Azəri muzik heyəti” adlı qrup fəaliyyət göstərib, Türkiyənin şəhərlərində və xaricdə Azərbaycan musiqisi və muğamlardan ibarət konsertlərlə çıxış edib. “Azəri muzik heyəti”nin rəhbəri M.M.Fərzəliyev olub. Hafiz Əhmədovun axtarışları nəticəsində isə xanəndənin ifasında 3 lent yazısı aşkarlanıb. BMM bu lent yazılarının təqdimatını da reallaşdırmaq niyyətindədir.
Hazırda İstanbulun müxtəlif məzarlıqlarında xanəndənin qəbrinin axtarılması üçün işlər görülür.
Görkəmli ifaçı 1962-ci ilə qədər aktiv musiqi həyatı keçirib. Müxtəlif konsert və layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Türkiyədə Üzeyir bəyin “Arşın mal alan” əsərini dəfələrlə tamaşaya qoyub, rolları ifa edib. Bu işdə onun yanında tarzən Hüseyn adlı bir musiqiçi də olub. Təxmin edilir ki, həmin tarzən də Türkiyəyə mühacirət edən azərbaycanlılardan biri olub.
Tədqiqatla bağlı əlavə məlumatlar oxuculara təqdim olunacaq.