Turistik yerlər də ehtiyatla qonaq qəbuluna hazırlaşır

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimindən ilk çıxan ölkələrdən olan Avstriyada mədəniyyət məkanları da tamaşaçı qəbuluna başlayırlar.

Üç aya yaxın fəaliyyətini dayandırmalı olan Vyana Dövlət Operasında ilk konsert keçirilib. İyunun 8-də gerçəkləşən konserti cəmi 100 tamaşaçı izləyib.  

Dünyanın ən tanınmış opera səhnələrindən olan Vyana Dövlət Operasında karantin sonrası ilk musiqi axşamında fortepianonun müşayiəti ilə tanınmış opera müğənnisi Qünter Qroysbök çıxış edib.

Ölkədə mədəni-kütləvi tədbirlərin hələlik maksimum 100 nəfərlə məhdudlaşdırıldığını, eləcə də səhnə və orkestrdə sosial məsafə qaydalarının gözlənilməsini nəzərə alaraq, Vyana Operası iyun ayı proqramına on dörd klassik konsert daxil edib. Ayın sonuna kimi bu səhnədə tanınmış solistlər mahnı və ariyalardan ibarət konsertlər verəcək, eləcə də kamera orkestrinin konsertləri keçiriləcək.

Qeyd edək ki, Vyana Dövlət Operası bütün konsertləri öz internet saytında (www.staatsoperlive.com) ödənişsiz olaraq yayımlayacaq.

Berlindəki Alman Operası isə iyunun 12-də karantin sonrası ilk tamaşasını göstərəcək. Teatr mövcud vəziyyətdə eksperiment etmək qərarına gəlib və Rixard Vaqnerin “Reyn qızılı” operasının tamaşası ixtisar olunmuş versiyada (90 dəqiqə) 12 artistin iştirakı (və  22 nəfərlik orkestr) ilə təqdim olunacaq.

Avropanın əksər ölkələrində isə məhdud tamaşaçı sayı ilə konsertlərin iyul ayından başlayacağı gözlənilir.

Fransada isə muzeylərin ardınca ölkənin əsas turistik obyektlərindən olan Eyfel qülləsi ziyarətçiləri qəbul etməyə hazırlaşır. Pandemiya səbəbindən mart ayının ortalarından ictimaiyyətə bağlı olan Eyfel qülləsi iyunun 25-dən yenidən ziyarət üçün açılacaq.

Ziyarətçilər və işçilər sanitar qaydalara və məhdudiyyətlərə ciddi riayət etməli olacaqlar. İlk vaxtlar Eyfel yerli sakinləri qəbul edəcək və bilet onlayn alınacaq. Maska taxmaq məcburi olacaq. Məhdud sayda ziyarətçilərə icazə veriləcək. Hələ ki ziyarətçilər yalnız 2-ci mərtəbəsinə qədər açıq olacaq qülləyə piyada qalxmalı olacaqlar.

***

Bu arada Avropa İttifaqının aparıcı ölkələri – Almaniya və Fransa liderləri pandemiyanın ikinci dalğasına hazır olmaqla bağlı xəbərdarlıqla çıxış ediblər. Qeyd olunub ki, Avropa pandemiyanın birinci dalğasında bu çağırışa “xaotik” reaksiya verib, nəticədə qitədə 180 mindən çox insan bu xəstəliyin qurbanına çevrilib. Onlar infeksiyanın bundan sonrakı dalğasına müqavimət göstərməkdən ötrü daha təsirli üsul işləyib hazırlamağa çağırıblar.

Avropa İttifaqında daxili sərhədlərin açılması yönündə də addımlar atılır. Bu sırada yenə Avstriya öncüldür. Ölkə hökuməti iyunun 16-dan etibarən 31 ölkə ilə sərhədlərin açılacağını elan edib.

Xarici İşlər naziri Aleksander Şallenberq bildirib ki, Böyük Britaniya, İsveç, Portuqaliya və İtaliya istisna olmaqla, bütün Avropa ölkələrinin vətəndaşları iyunun 16-dan etibarən məhdudiyyətsiz şəkildə Avstriya ərazisinə daxil ola biləcəklər. Qeyd edilən dörd ölkənin vətəndaşları isə koronavirus testinə dair arayış təqdim etməli və ya ikihəftəlik karantin dövrü keçməlidirlər. Nazir bu ölkələrlə sərhədlərin nə zaman açılacağı sualına cavab verməyib.

Türkiyə, Serbiya, Bosniya və Herseqovinadan Avstriyaya geri qayıtmaq istəyən şəxslər də vahid Aİ qərarını gözləməli olacaqlar. Aİ-nin xarici sərhədləri iyunun sonunadək bağlıdır.

İyunun 10-da bir sıra ölkələrə uçuşları bərpa etməyi planlaşdıran “Türk Hava Yolları” da bu addımı ertələyib. Bildirilib ki, aviareyslərin başlaması üçün həm Türkiyə, həm də səfər ediləcək ölkələrin Mülki Aviasiya idarələrindən lazımi icazələrin hələ də alınmaması uçuşların bərpasını gecikdirir. İlk beynəlxalq aviareyslərin isə iyunun 10-da Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacağı gözlənilirdi. Türkiyədə ölkədaxili uçuşlar isə iyunun 1-dən etibarən mərhələli şəkildə bərpa olunub.

Türkiyədə karantinin yumşaldılması ilə bağlı növbəti mərhələ üzrə addımlar da elan edilib.

Hökumətin qərarına əsasən, iyulun 1-dən etibarən kinoteatrlar tamaşaçıları qəbul edəcək, həmin tarixdən toy mərasimi salonları da fəaliyyətə başlaya biləcək. Kafe və restoranlar gecə saat 24:00-dək çalışacaq.

***

Dünyanın aparıcı turizm ölkələri də ən yaxşı halda iyuldan əcnəbi qonaq qəbul edə biləcəklər. Lüks turistik məkanlardan olan Baham adaları (Karib dənizi) iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq. Ada ölkəsi iyunun 15-dən isə şəxsi təyyarə və yaxtalarla gələn səyahətçiləri qəbul edə biləcək.

Ölkənin Turizm və Aviasiya Nazirliyindən bildirilib ki, aeroportlarda və dəniz limanlarında səyahətçilərin hərarəti ölçüləcək, həmçinin onlar taksilərdə və insanların sıx olduğu yerlərdə maska taxmalı və sosial distansiya saxlamalı olacaqlar.

Çimərliklərdə şezlonqlar bir-birindən iki metr aralı yerləşdiriləcək.

İspaniyanın məşhur turistik adaları olan Malyorka və İbizada isə hələlik yerli sakinlər üçün açılan çimərliklərin bəziləri turistlər sosial məsafəyə riayət etmədiyi üçün qapadılıb. Çimərliklərdən birində 200-dən çox şəxsin iştirak etdiyi “barabanlar festivalı” adlı əyləncə gecəsinin videosu yayılandan sonra sərt tədbirlər görülüb. Ərazidə patrul xidməti aparacaq polislərin sayı artırılıb.