İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Akademik Ramiz Mehdiyev giriş nitqində 2019-cu ildə elm sahəsində bir sıra uğurların əldə edildiyini və dövlət başçısının hər il olduğu kimi, ötən ildə də Azərbaycan elminin inkişafına xüsusi diqqət yetirdiyini, bununla bağlı mühüm qərarlar qəbul etdiyini bildirib. Vurğulanıb ki, hesabat ilində AMEA-nın ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi təsdiq edilib, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” qəbul olunub, elmin yeni prioritet istiqamətləri müəyyənləşdirilib.
Ramiz Mehdiyev koronavirus pandemiyasının bütün bəşəriyyət üçün ciddi bir təhdidə çevrildiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirildiyini, insanların sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində bütün lazımi işlərin görüldüyünü qeyd edib. Akademik pandemiyanın doğurduğu reallıqların bütün dünyada fundamental və tətbiqi elmi tədqiqatların inkişaf etdirilməsi zərurətini bir daha təsdiqlədiyini qeyd edərək, bununla bağlı AMEA-nın da qarşısında bir sıra mühüm vəzifələrin dayandığını, müvafiq təkliflərin hazırlandığını diqqətə çatdırıb. AMEA-nın prezidenti ictimai və humanitar elmlərin qarşısında duran vəzifələrdən də bəhs edərək sosiologiya, iqtisadiyyat və digər elmi istiqamətlərin yeni səviyyədə inteqrasiyasına, multidissiplinar tədqiqatların genişləndirilməsinə ciddi ehtiyac olduğunu deyib. Qeyd edib ki, alimlər milli iqtisadi təhlükəsizliyin tələblərinə müvafiq yeni iqtisadi modellərin işlənilib hazırlanmasına dəstək verməli, bio, nano, informasiya texnologiyaları və s. kimi aktual elmi istiqamətləri tədqiq etməli, milli proqram məhsulları sənayesinin formalaşması istiqamətində zəruri araşdırmalar aparmalıdır.
Sonra akademiyanın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın akademik-katibi Əminağa Sadıqov məruzə edib. Bildirib ki, AMEA sənayenin, kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının, incəsənət və mədəniyyətin, səhiyyənin inkişafına, Azərbaycanın tarixinin və dilinin araşdırılmasına, qorunub saxlanılmasına xidmət edən, sosial məsələləri əhatə edən iyirmiyə yaxın dövlət proqramının icrasında iştirak edib. “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” elmi infrastrukturun modernləşdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi, alimlərin sosial təminatının yaxşılaşdırılması və s. məsələləri əhatə edir.
Hesabat ilində AMEA-nın elmi müəssisələrində 147 problem çərçivəsində 542 mövzu üzrə 1618 elmi tədqiqat işi aparılıb, onlardan 34 iş tətbiq olunub. 159 qrant üzrə işlər davam etdirilib, 36 patent alınıb. Hesabat ilində AMEA-nın elmi müəssisələrində 139 mühüm elmi nəticə alınıb. Akademiyanın alimləri tərəfindən 518 kitab, 9431 məqalə və tezis, o cümlədən xaricdə 3107 məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş 1051 məqaləyə 20500-dən çox istinad olunub. Azərbaycanın elm və ali təhsil müəssisələrindən “Web of Science” bazasına bütün dövr ərzində (1975-2019) 17 mindən çox elmi əsər daxil edilib. Bu elmi əsərlərin 12 mindən çoxu (71 faizdən çoxu) AMEA-nın payına düşür. 2019-cu ildə “Web of Science” bazasına AMEA-nın 708 elmi əsəri daxil edilib və bu əsərlərə 2000-ə yaxın istinad olunub. Dünyanın nüfuzlu “Scopus” bazasında 2019-cu ildə dünya üzrə 5637 universitet və müəssisə arasında AMEA 775-ci yerdədir. Bu bazada AMEA-nın elmi reytinqi Cənubi Qafqaz və Orta Asiya ölkələrinin akademiyaları sırasında sosial göstəricilər üzrə birinci yerdədir. AMEA-nın 68 elmi jurnalının 5-i “Web of Science” bazasına daxildir.
Elmi şuralarda respublika üzrə qeydiyyata alınmış dissertasiya mövzuları haqqında məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə 2010-2019-cu illər üzrə qeydiyyata alınmış fəlsəfə doktorluğu üzrə 8054, elmlər doktorluğu üzrə 1416 dissertasiya mövzusu haqqında məlumatlar illər üzrə sistemləşdirilib və şuraların saytlarında yerləşdirilib.
Diqqətə çatdırılıb ki, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10036 nəfərdir. 4700 nəfər elmi işçidən 581 nəfəri elmlər doktoru, 1925 nəfəri fəlsəfə doktorudur. AMEA-nın 168, o cümlədən 67 həqiqi, 101 müxbir üzvü var. AMEA-nın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər, dissertanturaya fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olunub.
Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə “Nizami” layihəsi çərçivəsində doktorantura təhsili üzrə milli idarəetmə portalı yaradılıb, elmi mübadilə və birgə elmi araşdırmalar aparmaq məqsədilə AMEA ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb. 2019-cu ildə AMEA-nın beynəlxalq elmi əlaqələri daha da genişlənib. AMEA-nın 500-dən çox əməkdaşı xarici ezamiyyələrdə olub, müxtəlif ölkələrdən olan həmkarları ilə təqdim etdikləri ikitərəfli və çoxtərəfli müştərək layihələrin qalibləri olublar.
Yığıncaqda daha sonra AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər – akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyev çıxış edərək rəhbərlik etdikləri elmi bölmələrə daxil olan müəssisə və təşkilatların əldə etdikləri nailiyyətlərdən söz açıb, Azərbaycan elminin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.
İclasda elmi-təşkilati məsələlərə də baxılıb. AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.