AMEA-da yeni monoqrafiya hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın qədim şəhəri olan İrəvan haqqında yeni kitab hazırlanır. İyunun 17-də bu məsələ Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının növbəti iclasında müzakirə olunub.

Elmi şuranın sədri, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin çağırışına cavab olaraq “İrəvan şəhəri – necə varsa” adlı monoqrafiyanın hazırlanmasına başlanılıb. İ.Həbibbəyli ölkə başçısının Tərtər rayonuna səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar, İrəvanın Ermənistana verilməsi, eləcə də buradakı türkmənşəli toponimlərin saxtalaşdırılması məsələsinə toxunduğunu xatırladıb. Akademik ölkə başçısının çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə artıq AMEA-da bir sıra tədqiqatların həyata keçirilməsinə başlanıldığını diqqətə çatdırıb, tədqiqatların nəticəsinin İrəvan şəhəri, Qərbi Azərbaycan və Dağlıq Qarabağ haqqında yazılacaq kitablarda əksini tapacağını qeyd edib.

“İrəvan şəhəri – necə varsa” kitabın layihəsini təqdim edən alim qeyd edib ki, monoqrafiya “İrəvan sözünün mənşəyi və İrəvan şəhərinin yaradılması tarixi”, “İrəvan şəhəri qədim dövr və orta əsrlərdə”, “İrəvan xanlığının baş kəndi”, “İrəvan şəhəri çar Rusiyası idarəçiliyində”, “İrəvan şəhəri XX-XXI əsrlərdə” və “İrəvanda Azərbaycan mədəniyyəti və təhsili” fəsillərindən ibarət olacaq.

Bu günə qədər AMEA-nın müxtəlif institutları tərəfindən İrəvanın tarixi, arxeologiyası, əhalisi, toponimləri, maddi mədəniyyət nümunələri, xəritəsi, coğrafiyası, iqtisadiyyatı və s. istiqamətlərdə əsərlərin ərsəyə gətirildiyini xatırladan akademik yeni monoqrafiyanın əhatəliliyi və sistematikliyi ilə digərlərindən fərqlənəcəyini vurğulayıb.

Sonra fikir və təkliflər səsləndirilib, nəşrin hazırlanmasında iştirak edəcək Tarix, Qafqazşünaslıq, Ədəbiyyat, Dilçilik, Folklor, Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, İqtisadiyyat institutları, eləcə də Milli Azərbaycan Tarixi Muzeyi, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin vəzifələri müəyyənləşdirilib.