Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Lənkəran Dövlət Dram Teatrı da tamaşaların virtual nümayişini davam etdirir.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, aprel və may aylarında teatrın sosial şəbəkələrdəki səhifələri vasitəsilə 12 tamaşa nümayiş etdirilib. İyun ayı ərzində isə uşaqlar və böyüklər üçün daha 11 tamaşanın nümayişi nəzərdə tutulub.
Buraya teatrın repertuarında olan və tamaşaçı marağı qazanmış səhnə əsərləri – Bəhram Beyzayinin “İlan sultan” və “Senemar”, Tərlan Abdullayevin “Tilsimlənmiş qız”, Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin”, Əjdər Olun “Meşəbəyinin dostları”, Eduardo de Filipponun “Ruhlar”, Çingiz Aytmatovun “Manqurt” və digər tamaşalar daxildir.
“Tamaşalarımızın virtual formatda nümayişi təcrübəmizdə yeni olsa da, gündən-günə izləyicilərimizin sayı artmaqdadır. Lazım gəldiyi təqdirdə, biz gələcəkdə də bu üsuldan istifadə edəcəyik”, - deyə teatrın direktoru bildirib.
Həmçinin bu ilin repertuar planına müvafiq olaraq, teatrda fransız dramaturqu Marsel Berkye Marinyenin “Oğru” tamaşasının məşqləri aparılır.