Aktyorlar və rollar haqqında danışanda çox vaxt “bu rol sanki onun boyuna biçilmişdi” ifadəsinə rast gəlirik. Bunu elə çox vaxt da yerində söylənilmiş deyim (obrazlı ifadə) kimi qəbul edirik. Doğrudan da, bir çox hallarda rollar aktyorların səhnə plastikasına, fakturasına, mimika cizgilərinə, potensialına əsasən rejissorlar tərəfindən onlara həvalə edilir. 

Azərbaycanın Xalq artisti, görkəmli aktyor Əli Qurbanovun yaradıcılığındakı teatr, kino obrazları da onun səmimi, təvazökar təqdimatında geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılanan, boyuna biçilmiş personajlardır.

Fransız yazıçısı Romen Rollan yaradıcılığın ölçüyəsığmaz həddini “Həyatın bütün sevinci yaradıcılıqdadır” deyərək təsəvvür edir. Bu maraqlı fikrin yaranmasına əsas verən isə istedadların müsbət fərdi xüsusiyyətlərinin – fərqliliyin, cəmiyyətə gərəkliliyin mənasını təsdiqləyən bacarıqlarıdır. Əslində, fərdi bacarıqların kəşfi çox zaman əsaslı səbəblərə görə doğru səmtə yönəlir, özünü tapır. Çünki bir çox sənət adamının peşə uğurunun kökündə seçdiyi sənətin məhz həyatının nicatı olması, bu üzdən də məsləyinə hədsiz dəyər verərək bacarığını cəmiyyətə nümayiş etdirmək istəməsi durur.

Belə bir deyim də var: “Uçurumun kənarına çatmadan qanadlana bilməzsən”. İstedadlı aktyor Əli Qurbanovun sənəti də onu həyat uçurumundan, çətinliklərin girdabından çəkib çıxartdı, nümunəvi şəxsiyyət, məşhur sənət bilicisi kimi milyonlara tanıtdı...

 

Sənətə səmtlənən cığır

 

1898-ci ilin 20 iyun tarixində Tiflisdə dünyaya göz açan, sonralar taleyini Tiflis Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlayan Əli Qurbanovun yəqin ağlına da gəlməzdi ki, teatr adlanan nağıllar dünyası nə zamansa onu yaşadığı kədər məngənəsindən azad edəcək, yaradıcılığında təhlil vasitəsinə çevirdiyi, arzularında yaşatdığı həyat gözəlliklərini ona nəsib edəcək. Beləliklə, sevərək seçdiyi sənəti sayəsində yeni həyata atılan Əli Qurbanov ömrü boyu məsləyinə sadiq qaldı, nümunəvi ideyaları təbliğ etdiyi sənəti vasitəsilə də qəlblərə yol tapdı. 

Atası dəmiryolunda fəhlə işləyir, anası mollalıq edirdi, ailədə bir bacı, üç qardaş idilər. Əli Qurbanov bir neçə illik məktəb təhsili alıb. Musiqiyə hədsiz marağı olduğundan saz və tar çalmağı da öyrənib. Ailənin güzəranı il-ildən pisləşdiyindən məktəbi atıb 10 yaşından atası ilə fəhləlik etməyə məcbur olub. Atası dünyasını dəyişdikdən sonra isə vəziyyəti daha da çətinləşən ailənin bütün ağırlığı onun üzərinə düşüb. Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli aktyor haqqında olan məqaləsində yazır: “Ailə o qədər kasıb olub ki, meyiti dəfn etmək üçün rəhmətliyin dostları pul yığmaq məcburiyyətində qalıblar”.

Taleyüklü məsələləri erkən yaşlarından həll etməyə məcbur olan gənc Əli bir müddət rabitə sistemində işləyib, bacarıqlı olduğundan qısa müddətdən sonra montyor kimi  fəaliyyət göstərməyə başlayıb. O, digər peşə sahələrində nə qədər bacarıq nümayiş etdirsə də, həyatını ona qazandırdığı üçün sevərək seçdiyi teatra, sənətə minnətdar oldu.

Teatra həvəs göstərən gənc 1915-ci ildə xalası oğlu Möhsün Sənaninin təşkil etdiyi Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşasında Rüstəm bəy obrazını oynayır. İlham Rəhimlinin məqaləsindən: “Tiflisə qastrol səfərinə gedən Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Sidqi Ruhulla kimi qüdrətli sənətkarlarla tanışlığı Əli Qurbanovu ömürlük aktyorluq sənətinə bağlayır”.

Bundan sonra o, Tiflis Azərbaycan Dram Teatrında müxtəlif xarakterli rollar canlandırır. 1925-ci ildə isə Aleksandr Tuqanov onu baş rejissor işlədiyi Azərbaycan Dövlət Dram Teatrına işləməyə dəvət edir. Teatrın  səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında oynanılan tamaşalarda çıxış edən aktyor tez bir zamanda kollektivin rəğbətini qazanır və görkəmli teatr aktyoru, rejissoru Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Hacı Qara” (1929) filmində aşıq rolu ilə kinoda debüt rolunu oynayır. Növbəti illərdə isə “Almaz” filmində Avtil, “Yeni horizont”da Heydər, “Səbuhi”də Ağalarov, “Fətəli xan”da usta Səməndər, “Mahnı belə yaranır”da Kor aşıq, “Qara Daşlar”da usta Ramazan, “Ögey ana”da Qurbanəli, “Bir qalanın sirri” nağıl-filmində Kamran baba, “Koroğlu”da aşıq Cünun və  Alı kişi, eləcə də başqa rolları rejissorların dəqiq seçiminə, peşəkar təyinatına əsasən, doğrudan da, onun boyuna biçilir.

Filmlərin bəzisində onu neft buruğunda çalışan qazmaçı, fəhlə, usta obrazlarında, bəzisində isə müdrik kənd sakini, dünyagörmüş ağsaqqal rolunda görürük. Personajların bəziləri məzmun baxımından eynilik təşkil etsə də, xarakter və aktyorun hadisələrə müdaxiləsi, münasibəti baxımından maraqlıdır, yaddaqalandır. Bu mənada Əli Qurbanovun kino obrazlarının hər birində hadisələrə olan fərdi münasibəti, insanlara ünvanladığı ürək sözü diqqət çəkir. Bunu isə aktyorun yüksək bədii keyfiyyətlə, böyük sənətkarlıqla təlimatlandırdığı fərdi yaradıcılığının tərkib elementi, xüsusi təhlil üslubu təsdiq edir. Bu barədə isə bir qədər ətraflı...

 

Kinoda deyilən söz

 

Əli Qurbanovun özünəməxsus səmimi yaradıcılığının əsas qayəsi, məqsədi sənətə gətirdiyi aktual mövzular vasitəsilə müsbət qəhrəmanların timsalında sənəti insanlara daha da sevdirmək, nümunəvi cəhətləri təbliğ etmək, həyat üçün mühüm amilləri tamaşaçıya çatdırmaq idi. Onun kinoda deyiləsi sözünün olmasını isə ürəkdən oynadığı ekran personajları, yaddaqalımlı rolları təsdiqləyir. Aktyorun kiçik planlı rolları belə ekran  əsərinə olan münasibətini, rejissor işinə olan dəstəyini göstərir.

Səssiz kinonun  aktyorlardan birinci tələbi vizual hadisələrə inandırmaq bacarığı (münasibət kredosu), potensialı ortaya çıxartmaq məharəti idi. Əli Qurbanov kimi həyatın dibindən gələn, çətinliklərə sinə gərən, mürəkkəb hadisələri, xarakterləri, ictimai şüuru, fərdi münasibətləri müdrikcəsinə təhlil edən aktyorlarsa, sözün əsl mənasında, milli kinomuzun dirçəlişinə, ədəbi əsərlərin ekran variantının qəbul edilməsinə, mütəxəssislərin bu kimi aktyorlarla davamlı çalışmasına səbəb oldu. Aktyorun kino uğurunun səssiz kinodan başlaması da bu mənada səbəbsiz deyil. Onun sonrakı ekran personajlarının (səsli filmlərdəki) danışıq dilində, ifadələrində bir qədər pafosluluq hiss olunsa da, hər halda bunu da dövrünün çərçivəyə salınmış ekran dili kimi qəbul edirik. 

 

Sənət etibarı

 

Əli Qurbanovun uğurlu rollarından (səssiz kinoda) biri də “Almaz” filmindəki Avtil  obrazıdır. Yoxsul kənd sakini olan Avtil digərlərindən fərqli olaraq bir neçə qadınla birlikdə Almaza kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşmasında, onların maariflənməsində, eyni zamanda qolçomaqlara qarşı inadla mübarizə aparmasında kömək edir. Kiçikplanlı rol kimi təqdim olunan Avtili dövrünün azlıq təşkil edən xeyirxah, müsbət xarakterli insanı kimi tanıyır, qəddar düşüncəli çoxluğa qarşı çıxmasını isə  həyat həqiqətini sənət həqiqətinə çevirən yaradıcılığının təfsirində fərqli, qabaqcıl tipik xarakter kimi qəbul edirik. Səssiz, ağ-qara kadrlarda biz Avtilin mövqeyi vasitəsilə həmin illərdəki kənd həyatının acınacaqlı vəziyyətini, çılğın və cahil insanların münaqişəli, eləcə də kədərli həyat tərzini görürük. Geniş planlı imkanları olmayan Avtil obrazı ilk baxışda mühüm xarakter ortaya qoyan personaj təsiri bağışlamasa da, hər halda onun inadkar, mübariz qadın olan Almazı dəstəkləməsi köhnə dünya ilə savaşın, mülkədar hiylə və həmləsinə qarşı çıxmağın, müqavimət göstərməyin nə dərəcədə çətin olduğunu, ancaq bütün dövrlərdə Avtil kimi sadə görünüşlü, böyük ürəkli insanlara dünyanın ehtiyacı olduğu fikri diktə edilir. Bunu isə obrazın timsalında filmin vacib mesajlarından biri hesab edirik.   

Səssiz kinodakı uğurlarından sonra səsli filmlərdə könüllərə yol tapmaq teatr peşəkarları üçün o qədər çətin olmurdu. Əli Qurbanov kimi aktyorların filmin ideyasına müvafiq olaraq Azərbaycan ailəsi fikrini yaradıcılığında izah etməsi, təbii ki, tamaşaçılar kimi kino rejissorlarımızı da ürəkdən sevindirirdi. Buna görə də kinomuzun inkişaf mərhələsində bəzi filmlərdə pafoslu danışıq, teatrallıq (“Yeni horizont” filmində Heydər, “Qara Daşlar”da isə usta Ramazan obrazları), hadisələrin bir qədər rəsmi və didaktik təqdimatı olsa da, aktyorun rolların mövqeyini fərdi yaradıcılıq üslubunda xarakterini tanıtması və təsdiqləməsi qənaətbəxş, inandırıcı və uğurludur.

Ümumiyyətlə, Əli Qurbanovun yaradıcılıq üslubuna istinadən geniş və ya kiçikplanlı rolları haqqında çox danışmaq olar. Aktyorun digər uğurlu ekran personajlarının içərisində “Ögey ana” filmindəki Qurbanəli,  “Bir qalanın sirri” nağıl-filmində Kamran baba rolları da yaddaqalandır. Sözügedən filmlərdəki müdrik düşüncəli ağsaqqal rollarının ona həvalə edilməsi də diqqət çəkicidir. Bunu isə yenə də kinorejissorların filmin uğuruna imza atacağına əmin olduqları aktyorun səmimi və peşəkar yaradıcılığına ünvanladığı sənət etibarı kimi səciyyələndiririk.    

Şəhla ƏMİRLİ
kinoşünas