Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni və ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı onlayn konfrans keçirilib.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə təşkil olunan konfransa Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə qurumlarının rəhbər şəxsləri, ziyalılar qatılıb.
Konfransda giriş sözü söyləyən Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrindən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş ölkə ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib. Millət vəkili çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumat verib, təcavüz nəticəsində ölkəmizin mədəni irsinə də böyük ziyan vurulduğunu vurğulayıb. İki ölkənin mədəni-ədəbi əlaqələrinin möhkəmləndirilməsi və inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyətini qeyd edən Q.Paşayeva iki ölkə ziyalılarını, mədəniyyət, ədəbiyyat xadimlərini bu istiqamətdə daha təşəbbüskar olmağa çağırıb.
AMM-in direktoru Samir Abbasov konfransda çıxış edərək, Azərbaycan dövlətinin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib, xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda fəaliyyətə başlamasının bunun bariz nümunəsi olduğunu qeyd edib. Vurğulanıb ki, ötən illərdə AMM-in layihəsi ilə Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi günləri, konfranslar, dostluq konsertləri, təqdimatlar, sərgilər keçirilib, qarşılıqlı memorandum, qardaşlaşmış şəhərlər haqqında müqavilələr imzalanıb. Özbəkistan mediasında hər il Azərbaycana dair 300-dən artıq məqalə, televiziya verilişi yayımlanır, Azərbaycan klassiklərinin əsərlərin özbək dilinə çevrilərək nəşr olunur.
S.Abbasov AMM-in təşkilatçılığı ilə Özbəkistanda 70 adda kitabın, o cümlədən Azərbaycanın Qarabağ bölgəsinin tarixi, mədəni irsi ilə bağlı nəşrlərin çap olunduğunu, özbək mediası nümayəndələrinin Azərbaycana media turlarının təşkil edildiyini bildirib. Bundan sonra da mədəniyyət, ədəbiyyat, turizm, habelə elm, təhsil sahəsində layihələrin həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Gayrat Majid iki ölkə arasında mədəni-ədəbi əlaqələrdən bəhs ediblər.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya fənləri üzrə fəlsəfə doktoru Obidjon Şofiyev Özbəkistanda Azərbaycana dair zəngin əlyazmaların saxlanıldığını, onların kataloqunun yaradılması, gələcəkdə tədqiq edilməsinin vacibliyini qeyd ediblər.
Özbəkistanın “Kitab dunyosi” qəzetinin baş redaktoru, şair, tərcüməçi Xosiyat Rustamova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, özbək tarixçi-araşdırmaçı, jurnalist Şuxrat Salamov, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, universitetdəki M.Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova tərcümə layihələri, gələcəkdə Özbəkistan ali məktəblərində Azərbaycan dili kafedrasının yaradılması haqqında fikirlərini bölüşüblər.