Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən iyunun 19-da “Estetik tərbiyə: mədəniyyət siyasətinin strateji prioriteti kimi” mövzusunda vebinar təşkil edilib.
MEMİM-in Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərovanın moderatorluğu ilə keçən vebinarda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, BMA-nın Vokal kafedrasının professoru, Xalq artisti Natəvan Şeyxova, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, əməkdar müəllimlər – Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin direktoru Məhin Orucova, G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin direktoru Yusif Vəliyev, 24 nömrəli Musiqi məktəbinin direktoru Nadir Babayev, 21 nömrəli Musiqi məktəbinin direktoru Məmməd Quliyev, A.Məlikov adına 11 nömrəli Musiqi məktəbinin direktoru Rövşən Məmmədov, S.Rüstəmov adına 13 nömrəli Musiqi məktəbinin direktoru Tofiq Salmanov estetik tərbiyə ilə əlaqədar fikirlərini bölüşüblər.
Onlayn görüşdə uşaq musiqi məktəblərinin fəaliyyəti geniş müzakirə olunub. Bildirilib ki, musiqi təhsili estetik tərbiyənin ən mühüm hissəsidir. Uşaq və gənclərə ümumi musiqi təhsili vermək, onları yüksək musiqi sənətinə cəlb etmək, xalq, klassik, xarici musiqilərin, habelə müasir bəstəkarların əsərləri vasitəsilə onlarda estetik zövq formalaşdırmaq, həmçinin böyüməkdə olan gənc nəslin mənəviyyatının dövrümüzün tələbləri ruhunda inkişaf etməsinə kömək göstərmək musiqi-estetik tərbiyə işinin əsas istiqamətlərindəndir. Təbii olaraq estetik tərbiyə bəstəkarların əsərlərində də özünü büruzə verir.
Müzakirələrin sonunda səsləndirilmiş fikirlərə münasibətini bildirən MEMİM-in direktoru Asif Usubəliyev musiqi məktəblərinin sosial imici, ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması zərurəti və illər ərzində qazanılmış təcrübənin qorunması yolları haqqında danışıb.