Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı tamaşaya qoyulub. Məşqləri hələ pandemiyadan öncə başlanan tamaşa üzərində iş artıq başa çatdırılıb.
“Qara balığın nağılı” tamaşası teatrın bədii şurası tərəfindən qəbul edilərək cari repertuara daxil edilib.
Cənubi Azərbaycan yazıçısı, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin məşhur əsərinin fərqli səhnə yozumu yeni mövsümdə teatrsevərlərin ixtiyarına veriləcək. Mənzum nağılın səhnələşdirəni Həmidə Rüstəmova, tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşa üç aktyorun (Aygül Ağayeva, Cavid Telman, Günay Əhməd) canlı plan və kukla oyunu toplusudur.
Çoxfunksiyalı kuklalar, plastik həll və harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsi ərsəyə gətirən rejissor N.Ağayev tamaşada fərqli kukla texnikalarına müraciət edib.