Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) media dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan İNTERACT layihəsinin həyata keçirilməsinə başlanılıb.

Xalq artisti, kinorejissor Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan “Debüt” studiyası bədii filmlərin istehsalı, beynəlxalq birgə layihələrin reallaşdırılması ilə yanaşı tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

İNTERACT layihəsi çərçivəsində tanınmış rusiyalı rejissor Andrey Zvyagintsevin onlayn ustad dərsi gerçəkləşib. Ustad dərsinə qatılan 150-dən çox dinləyici tanınmış rejissora öz suallarını ünvanlayıb.

Tədris laboratoriyası funksiyasını həyata keçirən İNTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Ustad dərsləri ingiliscə və ya rusca Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunur.

Layihənin növbəti onlayn mühazirəçiləri:

- Matyö Darras (mövzu: “Laboratoriyalar, ko-prodakşn  forumları və festivallar”). Matyö Darras 2017-ci ildə “Pop Up Film Residency” kino-rezidensiyasını təsis edib, “European Network NISI MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) kimi festivallarda proqram tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.

- Əddis Hacıyev (mövzu: “Bədii quruluş: ideyadan ekrana qədər”). Rusiya Kinematoqrafçılar İttifaqının Kino və TV Rəssamları Gildiyasının vitse-prezidenti olan həmyerlimiz Moskva Kino Məktəbinin “Bədii quruluş” proqramının kuratoru, Britaniya Dizayn və İncəsənət Ali Məktəbinin müəllimi, vizual mədəniyyət və bədii strategiyaların formalaşdırılması sahəsində ekspertdir. Onlarla bədii filmin və yüzlərlə digər audiovizual məhsulun vizual həllinin müəllifidir.

- Matyas Erdeli (sərbəst müzakirə). Kinooperator Matyas Erdeli “Oskar” mükafatına layiq görülmüş, Kann Film Festivalının Qran-pri mükafatını qazanmış rejissor Laslo Nemeşin “Saulun oğlu” filminin quruluşçu operatorudur. Son bir neçə ildə Kann festivalında çəkdiyi altı müxtəlif filmlə təmsil olunub.

- Natalya Drozd (mövzu: “Go international: beynəlxalq bazarda ilk addımlar”). 10-dan çox tammetrajlı bədii filmin prodüseri və ko-prodüseri olan Natalya Drozd 2013-2015-ci illərdə B’EST-in prodüserlər üçün təhsil kursunun rusiyalı təşkilatçısı olub. Prodüser qismində  üç dəfə “Euroimage” fondunun qrantını alıb.

Qeyd edək ki, İNTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə formatı COVİD-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək. İNTERACT ONLİNE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

Proqrama qoşulmaq istəyənlər www.debutfilms.az/interact saytında onlayn qeydiyyatdan keçə bilərlər.