mənən-mədəniyyətən də Bəy – Əbdürrəhim bəy Haqverdiyev...

Sağlığında milli dəyər aşılayıcısı, xəlqi ləyaqət daşıyıcısı olan insanlar da öz el-ulusunun abidələri kimi anılırlar. Ruhi abidələr kimi. “Memar”ları da ki özləri! Yaşam taleləri, belə demək mümkünsə, tez, ya gec aşınmaları da öz əllərində; “inşa-imla” iksirlərində el-obalıq eşqi, xəlqilik-xaliqlik sidqi və bu mövzu qapsamıyca sənətkarlıq dərəcələri nə qədər olubsa, o qədər. Bunu başqa cür ifadə həvəsinə də düşdüm; o kəslər Vətən işinə nə miqdar yarayıblarsa, hələlik əbədiyyət ömrünün altıncı yüzilini yaşamaqda olan ulu Füzuli demişkən, “ol miqdar”...

Onlardan biri də – hələlik yüz əllinci yaşını yaşayan Ə.Haqverdiyev. “Bəxtsiz cavan” səhifələrilə xocahəngi-qocafəndi ağılamış, “Ovçu Pirim” qəziyyələrilə Mollanəsrəddinanə şaqqanaq çəkmiş Ustad... 

Bu böyük millət seçkini, mədəniyyət, ədəbiyyat Bəyinin qəlbi çox milli qəlbiliklərə bağlı olub. Kor olmaqdan qorxmayan gözləri el üçün çox ağlayıb, əlləri doğma örüşlərdə çomaq, biçənəklərdə kərənti, uzaq ali məktəblərdə tabaşir, müxtəlif yaradıcı və idarəedici ünvanlarda qələm, ilk operamızda dirijor çubuğu tutub. Hər dəm xalq dərdi çəkə-çəkə “milli mayalı ziyalı” adı alıb, yuxusuz gecələr hesabına yaza-yaza “ərdəmli ədib”, “xalq oğlu”, “xalq adamı” nam-nişanları qazanıb...

Dövrünün çox mədəni-mənəvi yaralarına yarayıb bu Bəy! Ömrü uzunu milli-mədəni problemlərin çözümünə varıb. Ürəyi millətçün döyünüb. Əlinin biriylə qayğıkeşlik, o biriylə qələmkeşlik edib və insanın “heç nə” aparmadığı o dünyaya arşın-tərəzi məhsullarından daha qiymətli olan mənəvi nemətlər – milli məhəbbət, xəlqi rəğbət, rəhmət, şərafət aparıb…

 

Bu ŞUŞAlı –

 

bir çox məşhuri-cahan eloğluları kimi, doğulduğu elatın dağları sayaq vüqarlı, şəxsi mənafeyə işləməyən aydan arı, şəfa bulaqlarıtək sudan duru aydınları kimi Vətən çabalı, millət davalı olub. Doğulduğu (1870) kəndin adı da danışıb-yazdığı dilimizin bir toponimik portreti: Ağbulaq...

Bu özgür bəy balası ana Şuşamız yaxınlığındakı o Ağbulağın füsunkar təbiət gözəlliklərindən zövq ala-ala böyüyüb. Böyüdükcə, təbiət aləmilə cəmiyyət aləmi fərqlərinin də fərqinə varıb. Sadədil, zəhmətkeş yerli camaat ilə gəlmə ermənilərin davranışları haqda eşidib-oxuduğu nəsnələr haqda yaza bilmədiyinə, yaxın keçmiş sələfi Q.Zakirin “Fisqi-ficur həddən aşıb Şişədə” şeirini bir-birinə söyləyən tay-tuşlarının təqib edilməsinə görə iztirablar yaşayb.

Xələflərindən birinin söylədiyi “Anlamaq dərdi”nə mübtəla olan bu bəyzadə, zəmanə zalımlıqlarına rəğmən, on yaşında ibtidai təhsilə başladığı Şuşa şəhərində yaşından böyük məsələlər haqda düşünüb-daşınıb. On doqquz yaşınadək Şuşa realnı məktəbində, qısa müddət olduğu Tiflis realnı məktəbində, daha sonra – Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda oxuduğu dövrlərdəsə, özünü “millətin mənəvi qurdlarına çomaq”, “milli mədəniyyət söküyünə yamaq” düşüncələri üstdə kökləyib. İnstitut tələbəsiykən qələmə aldığı “Dağılan tifaq” əsərini Peterburqda çap etdirməsi faktı da gələcəyin böyük yazıçısının gənclik əzmi haqda çox söz deyir. Sonra Şuşaya qayıdıb, bütün şəhərə səs salan çalışmaları, peşəkar mizan-düzənli tamaşalar hazırlaması, “dünyəvi gedişata qoşulmanın əlifbası” hesab etdiyi “Şərq konsertləri” və s. tədbirlər təşkil etməsi, “təbii konservatoriya”, “istedadlar məskəni” Şuşanı peşəkar ədəbiyyat-mədəniyyət mərkəzinə çevirmək cəhdləri...

Tədqiqatçılarının da qənaəti belədir ki, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda oxuyan bu gənc daha çox millətinin mədəni-mənəvi inkişafı haqda düşünürmüş. Elə həmin institutda ikən “azad müdavim” sifətilə Sankt-Peterburq Universitetinin Şərq fakültəsində müntəzəm dinləyici kimi iştirak etməsi də bu qənaəti təsdiqləyir.

Bəli, Əbdürrəhim bəy oralarda, doğma Vətənində boşaldacağı dünyəvi maarif-mədəniyyət, ədəbi-bədii qənimətlərlə yüklənirmiş...

Bu milli-mənəvi yüksəliş yüklənişinin bünövrəsinə hələ Şuşada ikən başlamış Əbdürrəhim bəy sonralar “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ovçu Pirim”, “Ata və oğul”, “Ayın şahidliyi”, “Hacı Daşdəmir”, “Pəri cadu” kimi – doğma Vətəninin hər künc-bucağında ehtiyac hiss edilən əsərlər yazır. Bu əsərlərin hər tür forma-fabula elementlərini təhsil aldığı, gəzib-dolaşdığı dünyalardan, hər məna-mətləbini, şəhdi şəkərini isə elə Tanrısal gözəllik yazısı olan Şuşadan, şəhərətrafı cığırlardan, şəhəriçi dolanbaclardan, qocaların-qarıların yağ-yatımlı kəlamlarından, cavan-comrulların qaş-göz, söz-bez atımlarından götürmüşdü.

Bir nərin çəkə bilməyəcəyi qədər yüklənib gəlmişdi ədəbiyyata, sənətə, mədəniyyətə. O yükdə millətə gərəkən nə dürr desən, vardı. Gördüklərindəki sinonim-omonimliklərdən daha çox antonimlikləri qabartmalı olurdu bu vətəndaş-ədib. Bu, zamanın da tələbi idi. Onu oxuduqca belə bir mətləb də hasil olur ki, tragikliklə komiklik dünya-anadan əkiz doğulub. Onu oxuyarkən baxmağı da bacaranlar mütləq mənada görürlər ki, bu dünyanın bir gözü tragediyalıqdır, o biri komediyalıq. Elə həssas qulaqlar da qırğı gözlər kimi; – yoxsa, insanın orta yaşı çox az olarmış; ya ələmdən oyuluban gedər, ya nəşədən bayılıban bitərmiş. Tutalım, “Qarabağın maralı” mahnısındakı o qızla axı nə qədər “Qırxqız yaylağına, oradan da ceyran-cüyür oylağına getmək, İsa bulağına enmək” olarmış? Hərdən “Marallarım”, “Şeyx Şaban”, “Xortdanın cəhənnəm məktubları” kimi uğunuşlar, “Dağılan tifaq”, “Bəxtsiz cavan” sayaq ağı-ağlayışlar da yazıb, o maral qızın ata-anasına, qohum-qardaşına, küll-soydaşına bir az da mənəvi istiot da dadızdırmaq gərəkmiş, axı...

Vurğulayım ki, Əbdürrəhim bəy maya-mahiyyətində doğal bir qarşıdurmalıq olan bu əbədi ikiliyin ikincisilə daha çox üzləşməli olub. Qismətinə həyatın halva şirinliklərindən çox bibər acılıqları düşmüş bu yazıçı öz tale yazısından heç bir yazısında, söz-söhbətində giley-güzar etməyib...

 

Və bu dünyadan – Əliboş getməyib...

 

Altmış üç illik ömürdə doğma xalqının yaranışdan bəri yaşanıb-yazılmaqda olan ədəbi-bədii “tərcümeyi-hal”ının mükəmməl bir fəslini yazıb gedib. Otuz yaşını keçər-keçməz, Azərbaycanın hər tərəfindən görünən, azacıq səviyyəsi olan vətəndaş-yurddaşları tərəfindən dəyərləndirilən böyük aydınlıq-ədiblik çabasına başlayıb. 1905-ci il rus inqilabının “ucqar” Azərbaycanda da yaratdığı ictimai-siyasi ab-havanın nəticəsi olaraq Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilib. Bu fürsət onun yenidən Sankt-Peterburqa getməsinə səbəb olub və gənc ədib orada “Ağa Məhəmməd şah Qacar” əsəri üçün tarixi mənbələrlə tanış olmaq imkanı əldə edib. Üzləşdiyi məqamlar, ictimai-sosial situasiyalar, cari “zəmanə adamları” bu əbədi zaman adamını “ordan bura-burdan ora” marşrutlarına salıb. Peterburqdan sonra 1907-ci ildə İrana səfər edib, ertəsi il Şərqin ilk operası xəbərilə tədqiqat işini yarımçıq qoyaraq Bakıya qayıdıb. “Leyli və Məcnun”un ilk tamaşasına dirijorluq edib.

Dövrün mədəniyyət-mənəviyyat hamisi olan “Nicat” cəmiyyətində, habelə Kür-Xəzər Gəmiçiliyi İdarəsində çalışdığı dövrlərdə bütün Cənubi Qafqazı, Orta Asiyanı, Dağıstan və Volqaboyunu gəzib-dolaşmış bu böyük qələm adamı əsrin Azərbaycan Qələmi məbədi kimi tanınan “Molla Nəsrəddin” jurnalında hekayələr dərc etdirib, “Xortdan”, “Lağlağı”, “Süpürgəsaqqal”, “Ceyranəli”, “Mozalan” və başqa adlarla felyetonlar, məzhəkələr, tənqidi materiallarla çıxış edib. Həştərxan səfərində şəhərin ictimai-mədəni həyatında çox işlər görüb, bir çox problemlərin həllində iştirak edib.

1911-15-ci illərdə – dostlarından birinin replikası ilə desək, – “Ağdam ömrü” yaşamalı olub və burada “xalq adamı” adıyla tanınıb. Sonra Tiflisdə “Şəhərlər İttifaqının Qafqaz şöbəsi xəbərləri” məcmuəsinə müdirlik edib. Tiflis İcraiyyə Komitəsi Mərkəzi Şurasına üzv seçilib, Borçalı qəzasına müvəkkil təyin olunub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqda dövlət teatrlarına müfəttiş görəvinə, bir qədər sonra Azərbaycan milli peşəkar teatrının 50 illiyi münasibətilə keçirilən yubiley tədbirlərinə başçılıq “hörmət-izzət”inə layiq bilinib. Azərbaycan Dövlət Universitetində oxuduğu mühazirələri, elmi kadrlar hazırlama, I Ölkəşünaslıq qurultayı işlərinə hazırlıq çalışmaları, dünya ədəbiyyatından nümunələri dilimizə çevirməsi...

 

Və... 1933. Ömrün sonu...

 

Deyirəm, ad-soyadı arasında “bəy” (!) “bəyanat”ı daşıyan bu milli ziyalı öz “şəxsi” dünyadəyişiminə dördcə il geciksəymiş, çox güman ki, indi Fəxri xiyabanda yox, çox milli nəhənglərimizin əhədini kəsmiş Sibirlərdə üşüyübən uyuyardı...

Tahir ABBASLI