“Azanfilm” animasiya studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Koreya Respublikasının paytaxtında 8-ci “Seoul Guro İnternational Kids Film Festival”da “Bright Future” (“Parlaq gələcək”) nominasiyasının qalibi olub.
Pandemiya ilə əlaqədar bu il onlayn formada keçirilən festivalın mükafatlandırma mərasimi iyulun 8-də olacaq.
Aşağıdakı link vasitəsilə qeyd olunan tarixdə mükafatlandırma mərasimini onlayn izləmək mümkün olacaq: https://cfestival.net/film-festival/gukiff/2020-gukiff-award-ceremony
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Xalq yazıçısı Elçin, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, filmdə animasiya hissələrinin tərkibində gənc rəssam Məryəm Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi tabloların təsviri verilib. Antuan de Sent-Ekzüperinin məşhur əsəri haqqında rəssamın düşüncə və duyğularının 3D animasiya üslubunda təsvirlə əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.