Azərbaycanlı pianoçunun yeni layihəsi
Rusiyada yaşayan azərbaycanlı pianoçu Riad Məmmədov “You are an island” (“Sən bir adasan”) adlı layihəsini sənətsevərlərə təqdim edəcək.
Musiqiçinin bu ilin yazında özünütəcrid dövründə ərsəyə gətirdiyi layihə vinil plastinka formatında buraxılacaq.
Alboma üç əsər daxildir: musiqiçinin “Aurora” və “Eventide” adlı iki fortepiano pyesi və “Eternity” adlı embiyent-kompozisiya. Müəllifin yeni layihəsi pandemiya səbəbindən bütün dünyanın riayət etməyə məcbur olduğu sosial izolyasiya barədə düşüncələrdən ibarətdir.
Riad Məmmədov deyir: “Mən anladım ki, bu məqamı, bu ab-havanı əks etdirmək istəyirəm. Ümidvaram ki, belə vəziyyət bir də heç vaxt təkrarlanmayacaq. Tam təcrid vəziyyətini, məni əhatə edən sükutu əks etdirmək. Bəs sükut nədir? Bizi həmişə müxtəlif səslər, küçənin hay-küyü müşayiət edir. Sükutu yalnız o vaxt başa düşürük ki, o, pozulsun. Saatın səsi, mənim evimdəki kökdən düşmüş çalğı aləti, özümün nəfəsim – bütün bu səslər musiqiyə daxil olub, bir anın hissələrinə çevrilib. Hamımızda olduğu kimi, mənim də həyatım birdən-birə kəskin dəyişdi. Məşqlər və konsertlər, onlarla bərabər digər planlar ləğv edildi, yuxudan oyanan kimi dərhal harasa qaçmağa ehtiyac qalmadı. Mən bir neçə ay evdə tək qaldım. Bu işdə mənim şəxsi fikirlərim, hisslərim və duyğularım öz əksini tapıb. Sadəcə, plastinka yazmaq yox, bunu nə üçün etdiyini anlamaq lazımdır. Mən bu dövrü yadda saxlamaq, eyni zamanda musiqinin təbiətini, əşyaların təbiətini anlamaq istədim. Karantin dövründə hamımızın ətrafında yaranmış sükutun son dərəcə fərdi formada təsbitidir. Dostum və müəllimim Vangelino Kurentzis bu ideyanı dəstəklədi və bu layihənin həyata keçirilməsində mənə kömək etdi. Buna görə ona çox minnətdaram”.
“You are an island” vinil plastinkası Riad Məmmədovun bu il tamamladığı üçüncü layihədir. Aprel ayında o, caz-muğam janrında “Əzizəni gözləyərkən” adlı sinql və “Surroqat arzular II” adlı debüt mini-albom buraxıb. Albomda Çaykovski, Şopen və Debüssinin əsərləri səslənir.
Riad Məmmədov fortepiano ixtisası üzrə Moskva Dövlət Konservatoriyasını və aspiranturanı, habelə musiqişünas ixtisası üzrə nəzəri aspiranturanı bitirib. Azərbaycanda, Rusiyada, Belçika, Kanada və Fransada beynəlxalq festivallarda iştirak edib, Teodor Kurentzisin “MusicAeterna” orkestri, “Münchner Philharmoniker” və digər musiqi kollektivləri ilə birgə çıxış edib.