26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü xalqımızın ziyalı, vətənsevər, fədakar oğullarının 102 il öncə bina etdiyi Cümhuriyyətin tariximizə və təqvimimizə bəxş etdiyi ən əlamətdar günlərdən biridir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli ordu birləşməsinin təşkil edilməsi barədə qərar qəbul edilib. Cümhuriyyət dövrünün əksər səhifələri kimi, bu tarixdən də uzun müddət xəbərsiz olmuşuq. Yalnız 1998-ci ildə bu gün təqvimdə haqq etdiyi yeri aldı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi...
Milli Ordunun yaranması yeni qurulan milli dövlətin özünütəsdiq yolunda ən önəmli mərhələ idi. Məhz güclü, nizami ordu 1918-ci il mayın 28-də elan edilən istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Bu qələbədə Azərbaycana ən böyük dəstəyi isə qardaş Türkiyə verdi.
İyunun əvvəlində S.Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti” əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə Cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd Tiflisdə Cümhuriyyəti elan etmiş milli hökumətin Gəncəyə gəlməsinə mane olmaq idi. Lakin buna nail olmadılar. Osmanlının beşinci diviziyası (Qafqaz diviziyası) Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə gəlib çıxdı və hökumətin şəhərə gəlməsini təmin etdi.
İyunun 16-da milli hökumət Tiflisdən Gəncəyə köçdü. İyunun 26-da Nazirlər Şurası ilk hərbi korpusun (əlahiddə diviziya) yaradılması barədə qərar qəbul etdi. Keçmiş çar ordusunda general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman korpusu əsasında Milli Ordunun təməli qoyuldu.
* * *
Azərbaycan milli korpusunun və Osmanlının beşinci diviziyasının birləşmiş qüvvələri (Qafqaz İslam Ordusu) Nuru paşanın komandanlığı altında Gəncədən Bakıya zəfər yürüşünə başladı. Orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi. İki həftə davam edən qanlı döyüşlər Azərbaycan və Osmanlı qoşunlarının qələbəsi ilə nəticələndi. Göyçay və Şamaxı ətrafında “Bakı Soveti” qoşunlarına ağır zərbə vuruldu. İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti” istefa verməyə məcbur oldu, avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi diktaturası” adlanan mürtəce bir qurum yaradıldı.
Avqustun 11-də hökumət ümumi hərbi səfərbərlik elan etdi və 1894-1899-cu il təvəllüdlü bütün vətəndaşlar hərbi xidmətə çağırıldı.
Sentyabrın 15-də Bakıya həlledici hücum başlandı, şəhər azad edildi. Bu döyüşlərdə Azərbaycan və Osmanlı qoşunları ümumilikdə 4 min şəhid (o cümlədən türk hərbçilər 1130 nəfər) vermişdi.
Lakin türk əsgərləri tezliklə Azərbaycanı tərk etməyə məcbur oldu. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinə görə I Dünya müharibəsində məğlub sayılan Osmanlının qoşunları Bakını tərk etməli, şəhərə qalib Antantanı təmsil edən ingilis qoşunları daxil olmalı idi. Milli hökumətin bu qərarı qəbul etməkdən başqa çarəsi yox idi. Noyabrın 17-də general Tomsonun hərbi dəstələri Bakıya daxil oldu.
Dekabrda Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin edildilər.
* * *
1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ oldu. Həmin ilin yayında, yenə I Dünya müharibəsinin nəticələrinə əsasən, ingilislər Bakını tərk etməli oldular. Şəhərin idarəçiliyi Azərbaycan hökumətinə təhvil verildi. Ordu quruculuğuna təcrübəli general və zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərləri cəlb edilmişdilər.
Nizami ordunun yaradılması prosesi 1919-cu il sonunda əsasən başa çata çatdırılmışdı. 40 min nəfərlik ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.
Lakin həmin dövrdə Azərbaycana şimaldan hərbi təhdidlər atmağa başlamışdı. “Vahid Rusiya”nı bərpa etmək iddiasında olan general Denikinin qoşunları Cənubi Qafqaza yaxınlaşırdı. Denikinlə müharibə aparan rus bolşeviklərinin də gözü Azərbaycanda idi. Bu arada Ermənistanın daşnak hökuməti Moskvada gizli danışıqlar apararaq Azərbaycandan qoparılacaq ərazi güzəştləri müqabilində Cümhuriyyət hökumətini devirməyə yardımçı olacağını bolşeviklərə vəd etdi.
1920-ci ilin əvvəlindən Azərbaycan Ordusunun, demək olar ki, bütün qüvvələri Qarabağ, Zəngəzur və Gəncə istiqamətində ermənilərlə savaşda idi, ölkənin şimal sərhədləri müdafiəsiz qalmışdı. Bakıda isə hökumət daxilində və parlamentdə böhran dərinləşirdi.
Apreldə bolşevik Rusiyasının XI ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri “Azərbaycan xalqı adından” rus ordusunu Bakıya çağırdılar. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri toplarını parlament binasına tuşlamışdı, Bakıda milli hökumət süqut etdi.
Gəncəbasarda və Qarabağda Cümhuriyyətin ordu hissələri ilə rus qoşunları arasında toqquşmalar iyunun ortasınadək sürdü. Amma qüvvələr bərabər deyildi. Bolşevik hökuməti 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı...
* * *
Sovet dövlətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Moskva milli respublikalarda, ələlxüsus müsəlman respublikalarında milli hərbi kadrların hazırlanması yönündə cəhdləri qısqanclıqla qarşılayırdı. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.
“Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?” – ulu öndər Heydər Əliyev bu sözləri 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi. O hərbi məktəb ki, hələ sovet dövründə Azərbaycanda milli hərbi kadrların hazırlanması istiqamətində mühüm rol oynayıb.
Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində Bakıda belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Azərbaycanda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilər. Amma buna nail olmaq üçün, həqiqətən, böyük siyasət və uzaqgörənlik lazım idi.
* * *
Üstündən 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olanlar artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələr kimi, ordu quruculuğu böhrandan keçdi. 1991-1993-cü illərdə Azərbaycanda Müdafiə Nazirliyinin rəhbərliyi 7 dəfə dəyişdirilmişdi. Dövrün məlum prosesləri, Qarabağda yaşanan ağır itkilər Silahlı Qüvvələri də iflas həddinə gətirmişdi. Dövlətin və onun ordusunun güclü liderə, komandana ehtiyacı vardı.
1993-cü ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu başlandı. Lakin bu prosesə fundamental şəkildə başlamaq üçün ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın bərpası zəruri idi. Bütün bunları nəzərə alaraq Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Çünki o, həmin dövrdə Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu da gözəl bilirdi. Sonrakı illərdə Azərbaycanda Silahlı Qüvvələrin ən müasir səviyyədə yenidən qurulması, ordu hissələrinin maddi-texniki təchizatının təkmilləşdirilməsi, hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan ardıcıl addımlar bunu bir daha təsdiqlədi.
* * *
“Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz ölkəmizi gücləndiririk. Hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq” – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sözləri dövlətin ordu quruculuğuna nə dərəcədə müstəsna önəm verdiyini göstərir.
Bu gün Azərbaycan Ordusunun istər texnika və bacarıqlı hərbi kadrlar baxımdan təchizatı ilə, istərsə də ölkəmizin iqtisadi potensialının bu istiqamətdə açdığı imkanlarla, həqiqətən, öyünməyə dəyər. Bu bir gerçəkdir ki, sülh danışıqları, diplomatiya yalnız və yalnız o vaxt səmərəli olur ki, onun arxasında güclü və qarşı tərəfin hesablaşdığı ordu dayansın.
Bu reallıqla işğalçı dövlət də əvvəl-axır hesablaşmağa məcbur olacaq. Necə ki, 2016-cı ilin aprelində bu gücün qarşısında geri durmağa məcbur oldu. Təkrarı da olacaq, inşallah...
Vüqar ORXAN