Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan olunan “Mənim yay tətilim-2020” Respublika uşaq rəsm müsabiqəsi davam edir.
Müsabiqəyə qeydiyyat bu il oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytındakı müvafiq bölümə 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.
Seçim iki yaş kateqoriyası (12 yaşa qədər, 12-17 yaş) üzrə keçiriləcək. Uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.