Sankt-Peterburqdakı Mariinsk sarayının rotondasında “Hamı üçün bir Qələbə” adlı fotosərgi açılıb. Fotosərgi Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə və Qızıl meydanda tarixi Qələbə paradının (24 iyun 1945-ci il) 75-ci ildönümünə həsr edilib.
Ölkəmizin Sankt-Peterburqdakı Baş Konsulluğundan verilən məlumata görə, sərgidə müharibə illərinin arxivlərində saxlanılan, sovet xalqlarının böyük şücaətinin çoxsaylı epizodlarının təsvir edildiyi nadir fotoşəkillər təqdim olunur. Sankt-Peterburq Qanunverici Məclisinin bu sərgi üçün materiallar təqdim edilməsi təşəbbüsünə Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrin parlamentləri qoşulublar.
Tədbirdə MDB ölkələrinin Sankt-Peterburqdakı baş konsulları, milli parlamentlərin MDB Parlamentlərarası Assambleyası Şurasındakı səlahiyyətli nümayəndələri, Sankt-Peterburq Qanunverici Məclisinin deputatları iştirak ediblər.
Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarov sərginin təşkilinə verdikləri böyük töhfəyə və çox nadir fotomateriallar təqdim etdiklərinə görə diplomatik korpusun nümayəndələrinə təşəkkürünü bildirib: “İllər keçir, Böyük Vətən müharibəsinin xalqlarımız üçün əhəmiyyəti daha da artır. Biz bu müharibə haqqında, xalqlarımızın igidliyi barədə xatirəni gələcək nəsillərə çatdırmağa borcluyuq. Ortaq tariximiz, veteranların qardaşlığı bizi bu gün də birləşdirir. Bu sərgi tarixi həqiqətin qorunub saxlanılması kimi nəcib məqsədə xidmət edir”.
Azərbaycanın baş konsulu Sultan Qasımov qeyd edib ki, müharibənin ilk günlərindən başlayaraq minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə döyüşüb. Azərbaycandan 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilib, onlardan 350 mindən çoxu geri qayıtmayıb. Baş konsul İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycan neftinin rolunu və əhəmiyyətini də vurğulayıb.
Sankt-Peterburq ilə əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə və sərginin təşkilində iştirakına görə baş konsul Sultan Qasımova Peterburq parlamentinin sədri adından təşəkkürnamə təqdim edilib.