Pandemiya ilə bağlı tətbiq edilən sərt karantin rejiminin yumşaldılması barədə ilk qərar qəbul edən ölkələrdən olan Sloveniya qonşu Xorvatiya ilə sərhədləri yenidən bağlamağa və bu ölkədən gələn şəxslərə qarşı 14 günlük karantin rejimi tətbiq etməyə hazırlaşır. Buna səbəb son günlərdə Xorvatiyadan Sloveniyaya gələn şəxslərdə koronavirusa yoluxma hallarının aşkarlanmasıdır.
Sloveniyanın Səhiyyə naziri Tomaş Qantar bildirib ki, hazırda Xorvatiya virusla bağlı təhlükəsiz ölkələr siyahısında yer alsa da, onlar qarşıdakı on gün ərzində vəziyyəti yaxından izləyəcəklər. Əgər Xorvatiyada yoluxma halları artmaqda davam edərsə, bu zaman sərhədlərin bağlanmasından başqa çıxış yolu qalmayacaq.
Sloveniya hələ may ayında Xorvatiya ilə sərhədləri açmışdı. Buna əsas səbəb isə Xorvatiyada ikinci yaşayış yerinə malik minlərlə slovenin təzyiqi olmuşdu. Xorvatiyanın dəniz sahilləri həm Sloveniyanın, həm də Avropanın digər ölkələrinin vətəndaşları üçün sevimli istirahət mərkəzləridir.
Serbiyada, Bosniya və Herseqovinada yoluxma hallarının artması ilə əlaqədar ötən həftə Sloveniya bu ölkələrlə sərhədlərini yenidən bağlamalı olub.