Üzeyir Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyası onlayn rejimdə seminarlarını davam etdirir. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, peşəkar kamança ifaçısı Arif Əsədullayev tərəfindən iyunun 25-də “Rast” ailəsinə daxil olan muğamlar – “Mahur-hindi” və “Orta mahur” adlı onlayn seminar keçirilib.
Arif Əsədullayev 20 ilə yaxındır elmi tədqiqatla məşğul olur, Azərbaycan instrumental muğamlarını notlaşdıraraq üç məcmuə dərc etdirib. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitədir. Arif müəllim etiraf edir ki, muğamları nota salmaq həm maraqlı, həm də çox çətin işdir. Hələ XX əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyli “Xalq musiqisinin əsasları”nda 7 əsas muğamın ladını, məqamlarını yazıb göstərib. Qalan muğamlar isə kiçik həcmli muğam, ikincidərəcəli muğam, törəmə muğamlar adlandırılaraq, əsas muğamlara ailə kimi birləşdirilib. “Rast” ailəsinə daxil olan muğamlar – “Mahur-hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Dügah” bu qəbildəndir.
Onu da qeyd etmək lazımdır ki, “Rast” ailəsinə daxil olan muğamlar qətiyyən eyni fəlsəfi fikri daşımır. “Rast” muğamı dinləyicidə nəsihət hissi aşılayırsa, “Mahur-hindi” mərdlik, döyüşkənlik, müharibə əhvalını nümayiş etdirir, qəhrəmanlıq ruhu yaşadır. “Orta Mahur” artıq xalq qəhrəmanının obrazını yaşadır, onun əzəmətini, mübarizliyini, yenilməzliyini dinləyiciyə tərənnüm etdirir.
Seminarda Arif Əsədullayev “Rast” muğamının bərdaşt və mayəsini, “Mahur-hindi” muğamının bərdaşt və mayəsini, “Orta Mahur” muğamının bərdaşt, rizən, mayə şöbələrini böyük ustalıqla canlı ifa edib.
BMA-nın elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə bu mövzunun, xüsusilə də muğamlarımızın mayəsinin araşdırılmasına həsr olunmuş elmi konfransın keçirilməsinə ehtiyac olduğunu qeyd edib. Elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, BMA-nın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev, böyük elmi işçi Zeynal İsayev və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıblar.
Nigar BAYRAMOVA
BMA-nın Elmi tədqiqat laboratoriyasının əməkdaşı