Elxan Qasımov: “Mənim ixtiyarım yoxdur ki, xalqın cavan, saf Şofer Əhmədə olan məhəbbətini korlayam”

Aktyor sənəti istedad tələb edir. Onun sənətkara çevrilməsi və cəmiyyət tərəfindən sevilməsi üçün isə istedadla yüksək mənəviyyat birləşməlidir. Bu günə kimi onun haqqında hər kəsin sevgi ilə danışdığının şahidi olmuşam. Hər kəs onu özünə dost bilir.

Bu il 75 yaşını qeyd edən, kinosevərlərin daha çox Şofer Əhməd kimi tanıdığı istedadlı aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov xoşbəxt sənətkarlardandır.

Elxan müəllim insanlar tərəfindən sevilməsinin səbəbini müsahibələrinin birində belə əsaslandırır:  “İndiyədək çalışmışam ki, çiynimə düşən yükü layiqincə daşıyım. Amma necə daşımışam, bunu ətrafım, məni tanıyanlar bilir. Mənimlə müsahibəyə gələnlər, məlumdur ki, məhz Şofer Əhmədi görürlər. Bu obraz mənə böyük uğur gətirdi. Mənim ixtiyarım yoxdur ki, xalqın cavan, saf Şofer Əhmədə olan məhəbbətini korlayam. Gənc yaşımda birdən-birə xalqın sevimlisinə çevrildim. Heç vaxt gözə girməyə cəhd etməmişəm. Hətta bir imkan düşən kimi ondan istifadə etməyi də düşünməmişəm. Üç bədii filmin rejissoru olmuşam. Həmişə cavan aktyorlara, rejissorlara da deyirəm ki, əgər sənətə ciddi yanaşsanız, hörmətli olacaqsınız”.

Hər kəsin yaxşı tanıdığı sənətkarın yubileyi münasibətilə bioqrafiyasını yazmaqdansa, həmkarlarının, dostlarının ürək sözləri ilə təbrik etməyi üstün bildik.

Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə:

- Mən kinoya gələndə “Əhməd haradadır?” filminin çəkilişləri başlanmışdı və bu zaman mən Elxan Qasımovla qiyabi tanış idim. Yəni bilirdim ki, filmdə Şofer Əhməd rolunu hündürboylu, qıvrımsaçlı, çox yaraşıqlı, qaraqaş-qaragöz bir oğlan oynayacaq. Bu Adil İsgəndərovun seçimi idi və o, bu seçim ilə heç də yanılmadı. Filmin çəkilişi prosesində bir neçə yazı yazdım və bu zaman onunla bir az da yaxından tanış oldum. İlk tanışlığımda məndə böyük təəssürat yarandı. Bu təəssürat onun insanlarla rəftarından irəli gəlirdi.

Üzərindən 57 il keçib, bu illər ərzində biz onunla kino sahəsində daim birlikdə addımlayırıq. Televiziya kanallarında çox zaman ikimizi eyni verilişə dəvət edirlər, Dövlət Film Fondunda kino xadimlərinə həsr olunmuş xatirə gecələrində iştirak edirik. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu xatirə gecələrində yubileyi, anım gecəsi keçirilən kino sənətkarları ilə birgə çalışan bir çox insanlar gəlməsələr belə, Elxan mütləq o təbirdə iştirak edir, xatirələrini bölüşür. Bu onun sənət dostlarına olan vəfasının, onların xatirələrini əziz tutmasının göstəricisidir. Bir neçə il əvvəl kino haqqında kitab yazan müəlliflərdən biri ikimizə bir məqalə həsr etmişdi. Bu da hər ikimizə hörmətinin eyni olduğunu göstərmişdi.

Elxanla bağlı fikrimdə bir məqamı da qeyd etməyi özümə borc bilirəm. O, bir oğul tərbiyə etmişdi – Samir Qasımov. Gənc yaşında dünyaya əlvida dedi. Samir hərbi xidmətini başa vurdu, hətta BMT-nin Kosovadakı sülhməramlı qüvvələrinin tərkibində Azərbaycan taqımının komandiri kimi də tanındı. Onun vaxtsız vəfatına həmişə təəssüf edirəm. “Kino və zaman” kitabını yazanda Samiri yad etməyi özümə borc bildim.

Elxan 60-cı illərdə necə idisə, bu gün də elədir. Ona möhkəm cansağlığı arzulayıram. Mən 80-ni vurub keçdim. Arzu edirəm ki, o da hər zaman məni izləsin. Yəni 80-90 yaşımızı da qeyd edə bilək.

Əməkdar incəsənət xadimi,  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev:

- Elxan Qasımov Azərbaycan kinosuna gənc yaşlarından gəlib və bizim görkəmli teatr və kino xadimimiz Adil İsgəndərovun tələbəsi olub. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb, bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. Yaradıcılığı ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olub. Uzun illərdir kinostudiyanın Həmkarlar İttifaqının sədridir və bu işin öhdəsindən də ləyaqətlə gələ bilib. Bütün tədbirlərdə, yaradıcılıq gecələrində yaxından iştirak edir, çox maraqlı, diqqətli və qayğıkeş dostdur. Yubileyi münasibətilə təbrik edir, cansağlığı arzulayıram.

Xalq artisti Əbdül Mahmudbəyov:

- İlk növbədə qəzetinizə təşəkkür edirəm ki, Azərbaycan kinosunda xüsusi yeri olan gözəl ziyalımız Elxan Qasımovla bağlı yazı hazırlayır. Elxan Qasımov şəxsən mənə doğmalarım qədər əziz insandır. Bizim dostluğumuz gənclik illərindən, 17 yaşımızdan başlayaraq bu günə kimi birlikdə davam edir. Şükür olsun ki, bu günə kimi aramızda heç bir umu-küsü olmayıb. Əgər, həqiqətən də, hər şey xalqın qiyməti ilə ölçülürsə, biz tam əminliklə deyə bilərik ki, Elxan xalqın sevimli artistidir. Onun heç bir rəsmi təqdimata ehtiyacı yoxdur. Gələcəyimizi qorumaq , keçmişi bilmək və yaşatmaq üçün şəxsiyyətlərimizi tanıtmalı və dəyərləndirməliyik. Elxan Qasımov həmişə nikbin olub. Çox təvazökar adamdır. Hamıya əl tutar, hər kəsin dərdinə, işinə yardım edər. Biz də belə bir dəyərli insanın qiymətini bilməliyik. Onu təbrik edir, cansağlığı arzulayıram.

Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov:

- Mənim Elxan müəllimin ailəsi ilə tanışlığım oğlu, rəhmətlik Samirlə tələbəlik illərimdən başlandı. Kinostudiyaya gəldikdən sonra Elxan muəllimlə daha da yaxından tanış olmaq imkanı qazandım. Bu tanışlıq zamanı bir daha əmin oldum ki, Elxan müəllim Azərbaycanın milli dəyərlərini özündə yaşadan və kinostudiyanın keçdiyi yolu yaxşı bilən insandır.

Elxan müəllim film istehsalı prosesini çox yaxşı bilir. Aktyor və rejissor kimi də öz məsləhətlərini heç zaman əsirgəmir. Ona möhkəm cansağlığı arzulayıram. İnanıram ki, Elxan müəllim hələ uzun illər bizim kinoya xidmət edəcək.

Həmkarlarının, dostlarının ürək sözlərindən sonra yenə də yubilyarın öz sözlərinə yer vermək istəyirəm: “Düşünürəm ki, bir insan yox ola bilməz. Heç nə yox olmur. Buna görə də həyatda, demək olar ki, heç bir qorxum yoxdur. Sadəcə, bir şeydən narahatam: insanların gözündən düşmək istəmərəm. Ömrümün sonuna kimi çalışacağam ki, heç kəsin qəlbini sındırmayım”.

Hər zaman cavan ruhlu, şən-şux görünməyə çalışan Elxan Qasımovu “Mədəniyyət” qəzetinin kollektivi olaraq təbrik edir, sağlıqlı, uzun ömür, yaradıcılıq uğurları diləyirik.

Lalə AZƏRİ