Koronavirus pandemiyasının davam etdiyi bu günlərdə media mənsublarının, o cümlədən bu tarixi foto və videokameranın yaddaşına köçürən insanların da xüsusi əməyi var. Çünki onlar da öz sağlamlığını təhlükə altına ataraq virusla mübarizə aparanlarla çiyin-çiyinə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar.

“Gilavar” Azərbaycan Foto Klubu media nümayəndələrinin pandemiya dövründə fəaliyyətini əks etdirən virtual fotosərgi hazırlayıb. Sərgidə karantin günlərində iş başında olan media nümayəndələrinin fotoları sərgilənir. Virtual sərgidə ümumilikdə  55  foto yer alıb.

Qeyd edək ki, “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan “Gilavar” Azərbaycan Foto Klubunun hazırladığı “Koronavirus” adlı ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 foto sərgilənib. Sərgiyə olan maraq nəzərə alınaraq layihənin davamı kimi “Koronavirus 2” virtual sərgisi ərsəyə gətirilib.

Virtual sərginin təşkilində məqsəd heç bir çətinliyə baxmayaraq, xəstəlik riskini göz önünə alaraq, peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır.