Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy xaricdən ölkəyə gələn ailələrin tətillərini necə etibarlı şəkildə keçirə biləcəyini göstərən video paylaşaraq “Tətil kefiniz Türkiyədə güvəndədir” mesajını verib.
Pandemiya ilə bağlı karantin rejimini yumşaldan Türkiyədə turist qəbulu üçün görülən tədbirləri əks etdirən video türkcə və ingiliscə nazirin “Twitter” hesabından yayımlanıb.
Türkiyənin beynəlxalq təqdimat xətti “Go Turkey” üzərindən Türkiyə və 17 ölkədə rəqəmsal platforma və televiziyalarda ictimai reklam kimi yayımlanacaq videoda xaricdən Türkiyəyə gələn ailələrin istirahətlərini necə etibarlı şəkildə keçirə biləcəyi göstərilir. Təqdimat filmində Türkiyənin turizm şəhərlərindəki təbiət və tarixi məkanlar da nümayiş etdirilir.
Türkiyənin Mədəniyyət və Turizm naziri xarici turistlərə xitabən deyib: “Bu yeni dövrdə də sevdiklərinizlə xoşbəxt anlar yaşamaq və tətilinizi ürəyiniz istəyən kimi keçirmək üçün hər bir detalı düşündük. Tətil kefiniz Türkiyədə güvəndədir”.
Mehparə SULTANOVA
Ankara