Kinosevərlər onu daha çox “Qayınana” filmindəki Sevda obrazı ilə tanıyırlar. Əgər başqa filmlərdə rol almasaydı belə, o, kino salnaməmizə adını əbədi yazdırmış olacaqdı. Bir müddət diqqətdən kənarda qalan, ancaq tamaşaçıların heç vaxt unutmadığı mərhum aktrisa, Əməkdar artist Tanilya Əhmərovanı anadan olmasının 70 illiyi münasibətilə yada saldıq. 

Tanilya Aisa qızı Əhmərova 1 iyun 1950-ci ildə Bakının Sabunçu qəsəbəsində tatar ailəsində dünyaya göz açıb. Orta təhsilini paytaxtın 78 nömrəli məktəbində alır. Tanilya erkən çağlardan teatra maraq göstərir, şagird ikən oxuduğu məktəbin teatr dərnəyinə gedir. Həmin dövrdən aktrisa olmaq istəyir.

Valideynləri onun arzusuna qarşı çıxmır. Ancaq Tanilya orta təhsilini başa vurduqdan sonra bir müddət  istehsalatda hesablayıcı və dispetçer işləyir. Asudə vaxtlarında öz üzərində çalışır, mütaliə edir.

1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) qəbul olunur. Bu təhsil ocağında dövrün ustad sənətkarlarından kino və teatr sənətinin sirlərini öyrənir. Tələbə ikən Bakıdakı mədəniyyət evlərinin birində işləyir.

1977-ci ildə İncəsənət İnstitutunu bitirib, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə başlayır. Tanilya Əhmərovanın kinoya gəlişi onun üçün heç də çətin olmur. Çünki o, hələ şagird, sonra tələbə ikən müəllimlərindən söz və plastikanın vəhdətini yaratmağı öyrənmişdi. Kinostudiyada ekran həyatı verilən filmlərdə bir-birindən maraqlı rolların öhdəsindən məharətlə gələn aktrisa tamaşaçıların rəğbətini qazanır.

Kinoda ilk rolu  “Sevinc buxtası” bədii filmində (1977) Leyla rolu olur. Aktrisa “Üzeyir ömrü” filmində Üzeyir Hacıbəylinin anası, “Qayınana”də Sevda, “Şir evdən getdi” filmində Şəfiqə müəllimə, “Üzü küləyə” filmində Nərgiz rolları ilə yadda qalıb. Həmçinin “Tələ”, “Təhminə”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlük” (Özbəkistan) və s. filmlərdə kiçik planlı rollar oynasa da, istedad və sənətkarlıq məharətini nümayiş etdirib.

Tanilya Əhmərova “Qayınana” filmində (1978) Sevda obrazı ilə sevilsə də, sonradan rejissorların diqqətindən bir qədər kənarda qalıb. Halbuki o, bəzi çəkildiyi epizodik rollarda da bacarıq və istedadını maksimum nümayiş etdirməyə çalışıb. Yəni ona həvalə edilən obrazları sevə-sevə yaradıb. Aktrisa yeni-yeni filmlərə çəkiləcəyini çox gözləyib. Sonuncu dəfə 1993-cü ildə “Təhminə” filmində epizodik rola çəkilib.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə müsahibələrinin birində aktrisa ilə bağlı deyib ki, sonuncu dəfə Tanilya xanımla “Qayınana” filminin 30 illik yubileyinə (2008) həsr edilən tədbirdə görüşüb: “Görəndə tanımadım. Onu optimist bir insan kimi tanıyırdım. Son zamanlar cəmiyyətdən uzaq düşmüşdü. Heç bir tədbirə qatılmırdı. Demək olar ki, hamıdan küsmüşdü. O, “Qayınana” ilə yaşayırdı. Bu filmi çox sevirdi. Tanilya xanım çox qabiliyyətli və  istedadlı aktrisa idi”.

A.Kazımzadə Tanilya xanımın maraqlı, xarakterik qadın obrazlarını yaratmaq potensialını yüksək qiymətləndirib. O, aktrisanın zamanında kəşf olunmamağını kinomuz adına itki kimi səciyyələndirib.

Aktrisanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülüb. Daha sonra  “Əməkdar artist” fəxri adı alıb. Tanilya Əhmərova 4 avqust 2015-ci ildə, 65 yaşında vəfat edib.

S.FƏRƏCOV