Dünya ölkələri pandemiyanın öhdəsindən gələ bilmirlər

Avropa İttifaqı daha öncə elan edildiyi kimi, 1 iyul tarixindən xarici səfərlərə qoyulan müvəqqəti məhdudiyyətin tədricən götürülməsinə başlayıb.

Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumatda qeyd olunur ki, üzv ölkələr iyulun 1-dən epidemioloji vəziyyətin yaxşılaşdığı 14 ölkənin vətəndaşlarının səyahətlərinə qoyulan qadağa götürülür.

Aİ-nin öz sərhədlərini açmağı planlaşdırdığı ölkələr Gürcüstan, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Monteneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunisdir. Siyahıda 15-ci ölkə isə Çindir, lakin Aİ-nin yalnız öz vətəndaşlarının Çinə getməsinə icazə verildiyi təqdirdə Çinlə sərhədlərini açacağı bildirilib.

Siyahının hər iki həftədən bir vəziyyətdən asılı olaraq yenilənəcəyi bildirilir.

İtaliya hökuməti iyulun 2-dən etibarən, qeyri-Şengen ölkələri və Avropa İttifaqının seçdiyi 14 ölkə istisna olmaqla, digər ölkələrdən İtaliyaya gələnlərə ikihəftəlik məcburi karantin tətbiq edəcək. İtaliya, həmçinin hava nəqliyyatında da yeni qaydalar tətbiq edir. Bunlara salona əl baqajı keçirməmək, isti yeməyin olmaması, sağlamlıq barədə arayışın doldurulması kimi şərtlər daxildir.

İspaniyada koronavirus ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyunun 21-də başa çatsa da, hökumət ölkədə virusun ikinci dalğasının qarşısını almağa yönəlik tədbirləri davam etdirir. Yaşı 6-dan yuxarı olan şəxslərin maska taxması əvvəlki kimi məcburidir. Təkcə ictimai nəqliyyatda deyil, sizinlə bir yerdə yaşamayan şəxs şəxsi avtomobilinizdə getdiyi halda o da avtomobildə maska taxmalıdır.

Almaniyada karantinin yumşaldılmasından sonra bir müddət davam edən sabitlik Şimali Reyn-Vestfaliya federal regionunda baş verən kütləvi yoluxma halları ilə pozulub. Bu bölgənin bəzi yaşayış məntəqələrində yenidən sərt karantin və qadağa rejimi tətbiq olunub. Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada indiyədək 195 mindən çox insan koronavirusa yoluxub. İnfeksiyaya yoluxaraq vəfat edənlərin ümumi sayı 9 minə çatıb.

Avropa İttifaqı üzv ölkələrinə sərhədlərin açılmasının tövsiyə olunduğu siyahıda yer alan qonşu Gürcüstanda, müntəzəm uçuşların bərpası avqustun 1-dək təxirə salmasına baxmayaraq, iyulun 1-dən etibarən xüsusi aviaşirkətlər tərəfindən uçuşların təşkilinə icazə verilib. İlk uçuş iyulun 2-də İsrail istiqamətində reallaşıb. Bundan əlavə, Avropa şəhərlərinə də uçuşlar planlaşdırılır. Gürcüstanın özü isə  turizm mövsümünün açılışını avqustun 1-dək təxirə salıb.

Rusiyada pandemiya ilə bağlı vəziyyət hələlik nisbətən sakit görünür. Son günlər yeni yoluxma sayında azalma tempi davam edir. Rusiya Federal Turizm Agentliyi (Rosturizm) iyulun 1-dən ümumilikdə 67 regionda daxili turizm mövsümünün açıldığını elan edib. Qalan regionlarda turistik səyahətlə bağlı qərar epidemioloji situasiyaya görə veriləcək. Rusiyanın xarici sərhədləri isə səfər və səyahətlər üçün bağlı qalmaqdadır.

Cənub qonşumuz İranda da vəziyyət hələ mürəkkəbdir. İyulun 1-dən paytaxt Tehranla yanaşı, İranın 11 vilayətində karantin rejimi sərtləşdirilib. İki həftə ərzində bütün kütləvi toplanma yerlərində tibbi maskadan istifadə məcburi olacaq. İnsanların kütləvi toplaşdığı yerlər bağlanıb, zərurət olmadan evdən çıxmaq qadağan edilib.