Azərbaycan
5 iyul 1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 – 18.10.1894) İrəvanda anadan olub. “Tiflisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax”ın təsisçisi, naşiri və redaktoru olub.
5 iyul 1928 – Əməkdar artist Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (1928 – 18.2.1985) Bakıda doğulub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub, filmlərə çəkilib.
6 iyul 1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əli qızı Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.
6 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Xanlar Daşdəmir oğlu Cəfərov (1947-2016) anadan olub.
7 iyul 1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.
7 iyul 1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
8 iyul 1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888-1969) Moskvada anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət (1928-1963) göstərib.
8 iyul 1909 – Məşhur dilçi alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 – 10.4. 1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.
8 iyul 1931 – Xalq artisti Zülfüqar Yaqub oğlu Baratzadə (1931 – 11.2.1991) Gəncədə doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.
Dünya
5 iyul 1812 – İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.
5 iyul 1889 – Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. “Əllamə Toma”, “Ədəbsiz uşaqlar” romanlarının, “Antiqona”, “Orfey” pyeslərinin müəllifidir.
5 iyul 1901 – SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.
6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.
6 iyul 1887 – Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç; 1887-1985) anadan olub. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.
7 iyul 1860 – Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860-1911) anadan olub.
7 iyul 1882 – Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.
7 iyul 1884 – Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger; 1884-1958) anadan olub. “Qoyya”, “İspan balladası”, “Lautenzak qardaşları” və s. tarixi romanların müəllifidir.
7 iyul 1901 – İtalyan aktyoru, kinorejissor, 4 dəfə “Oskar” mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.
8 iyul 1621 – Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.
8 iyul 1892 – İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.
Hazırladı: Vüqar ORXAN