Martın əvvəlindən sənətçiləri səhnədən, tamaşaçıları teatr salonlarından qaçaq salan koronavirus pandemiyası artıq mövsümü (Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünü) də bizsiz – tamaşaçılarsız bitirmək hökmü verdi.
Nə etmək olar?! Ümidləri növbəti – 148-ci mövsümə bağlayarkən bir də geriyə boylanaq. Görək mövsüm ərzində canlı və onlayn formatda tamaşa plan-proqramı hansı teatrlarda necə reallaşdı. Təbii ki, istər pandemiyadan öncə, istərsə də karantin günlərində teatrların hər biri müvafiq imkanlar çərçivəsində işini qurmağa çalışdı. Bəziləri hətta onlayn tamaşa nümayişləri ilə bərabər, məşqləri də bu formatda apara bildilər. Bütün hallarda teatrlarımız da adət etmədikləri bir yaradıcılıq etapından keçdilər. Beləcə, tamaşasız və tamaşaçısız bir teatr mövsümünü də belə yola salırıq.
Hələ ötən payızda yeni başlanan mövsümə nəzərən yubileylərlə zəngin tamaşalar xronikası gözlənilirdi. Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650, böyük ədiblər Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150 illik yubileyləri ilə bağlı sərəncamlarından irəli gələrək ayrı-ayrı teatrlarda tamaşalar hazırlandı. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı teatr həftəsi”, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “2+1” III Eksperimental teatr festivalı keçirildi. Ara-sıra teatrların yerli və xarici qastrolları, beynəlxalq festivallarda fərqli format və tərkiblərdə iştirakları da nəzərə çarpdı.
Ayrı-ayrı teatrların hesabat xarakterli açıqlamalarından da göründüyü kimi, əksər planlar yarımçıq, pərakəndə icra olunub. Amma qeydlərə gələcək məqamlar da az deyil.
Məsələn, tamaşaçıları üçün darıxan Akademik Opera və Balet Teatrı bu mövsümün ən azı ilk yarısını məhsuldar yaşayıb. Teatrın yaradıcı kollektivi paytaxtdan kənarda da, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının səhnəsində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının tamaşası ilə çıxış edib.
Dəvətli dirijorlar Korneliya fon Kerssenbrok və Mixail Aqrest (Almaniya), Yakopo Sipari de Peskacserollinin (İtaliya) idarəsində opera nümayişləri reallaşıb. Dəvət olunmuş solistlərdən Rusiyadan Andjey Beletski, Nikolay Yeroxin, Ukraynadan Nikolay Şulyak, Eduard Martınyuk, Tatyana Qanina, Boqdan Pançenko, Belarusdan Stanislav Trifonov, Vladimir Qromov, Gürcüstandan Teymuraz Ququşvili və başqalarının çıxışlarını da izləyicilər bu mövsümdə alqışlayıblar.
Balet artistlərinə gəlincə, teatrın səhnəsində çıxış etmiş Rusiya Böyük Teatrının aparıcı solistləri Angelina Vlaşinets, Kristina Kretova, Klim Yefimov, Sankt-Peterburqun Mariinski Opera və Balet Teatrının premyeri, həmyerlimiz Timur Əsgərovu, Ukraynadan dəvət olunmuş Stanislav Olşanskini qeyd etmək olar.
147-ci teatr mövsümü haqqında danışanda Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illik yubileyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley tədbiri həm də onunla əlamətdar oldu ki, teatrın 21 əməkdaşı orden, medal və fəxri adlar, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olundular.
Mövsüm ərzində isə teatrın səhnəsində “Yaşar”, “Dəli yığıncağı”, “Şaxta baba və Beffan nənələr” tamaşalarının premyerası keçirildi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında “Paris Notr-Dama ithaf” tamaşası olub.
Teatr Albaniyanın Elbasan şəhərində keçirilən XXI “Skampa – 2019” Beynəlxalq Modern Teatr Festivalında “Qodonun intizarında” tamaşası ilə uğurla iştirak edib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev İranda keçirilən 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının bir qolu – V İran Teatr Sərgisində də iştirak edib. Bundan başqa, TÜRKSOY təşkilatının təşəbbüsü ilə fevralın 9-da Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş yubiley mərasimində də teatr təmsil olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da mövsümü dolğun keçib, yaradıcı kollektiv uşaqlar və böyüklər üçün yeni səhnə əsərləri təqdim edib. Misal olaraq Şərq motivləri əsasında hazırlanan “Sindibad”, Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dəli yığıncağı”, Xalq yazıçısı Anarın əsəri əsasında hazırlanan “Şəhərin qış gecələri” tamaşalarını deyə bilərik.
Premyeralarla yanaşı, qarşılıqlı qastrollar, yaradıcılıq mübadilələri də bu mövsümün payına düşür. Bu mənada teatrın Qırğızıstanın Oş şəhərində festivalda iştirakını, Özbəkistanın Gənc Tamaşaçılar Teatrı ilə qarşılıqlı səfərini vurğulamaq olar.
30 yaşını qeyd edən Yuğ Dövlət Teatrının da yubiley mövsümü zəngin olub. Teatrda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mənəm, mən” tamaşası böyük maraqla qarşılandı. 2020-ci il üçün repertuar planına əsasən M.Vişnekin “Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanmış “Kloun-bizzz” tamaşası da bu mövsümdə hazırlandı.
Digər yubilyar kollektiv, təntənəli və maraqlı ad günü tədbiri ilə 25 yaşını yola salan Dövlət Pantomima Teatrı da mövsümü natamam başa vurmaq məcburiyyətində qalıb. Teatrın qurucusu, Xalq artisti Bəxtiyar Xanızadənin hazırladığı “Yük” tamaşası hazır olsa da, pandemiya səbəbindən tamaşaçı qarşısına çıxa bilmədi.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci mövsümünü premyeralarla başa vurub. Teatrın əsas truppası və nəzdindəki studiyaları “Yeddi nar çubuğu”, “Balıqçı və balıq”, “Qara balığın nağılı”, “Solğun sevgilər”, “Dovşanın ad günü” tamaşalarını izləyicilərə təqdim etdilər.
Şuşa Dövlət Musiqili Dram Teatrı üçün bu mövsüm yaddaqalan olub. Mövsümü ilk dəfə Bakı şəhərindəki öz binasında açan teatrın səhnəsində “Dəli Domrul”, “Nağıllar aləmində” (uşaq tamaşası), “Anamın kitabı”, “Danışan gəlincik ” tamaşaları hazırlanaraq teatrsevərlərin ixtiyarına verildi. Teatr cari mövsüm ərzində Ağdam, Yevlax, Masallı, İmişli, Biləsuvar və Quba rayonlarında qastrol səfərlərində də olub.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü məhsuldar yaşayıb. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında tamaşa hazırlanıb. Yaradıcı heyət bu tamaşa ilə Balakən, İmişli və Saatlı rayonlarında qastrol səfərinə də gedib. Teatrda İmir Məmmədlinin “Oğru və Doğru” əsəri də yeni səhnə həyatını yaşayıb.
Bakı Uşaq Teatrı bu mövsümdən artıq Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirir. 18-ci mövsümünü başa vuran teatr mövsümün əvvəlində Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda” festivalında uğurla iştirak edib. Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Göyçək Fatma” tamaşası festivalda diplomla təltif olunub. Teatr Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi “2+1” Eksperimental teatr festivalında da 2 tamaşa ilə çıxış edib. Analara və oğullara ithaf olunan “Ballı” tamaşasının festivaldakı nümayişi həm də premyera idi.
Bölgələrdə fəaliyyət göstərən sənət ocaqları da başa çatan mövsümdə öz yaradıcılıq planlarını icra etməyə çalışıblar.
51-ci mövsümünü yekunlaşdıran Sumqayıt Dövlət Dram Teatrının repertuarı yeni səhnə əsərləri ilə zənginləşib. Mövsümün əvvəlində C.Cabbarlının “Solğun çiçəklər” faciəsini tamaşaçılara təqdim edən teatrda Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Sevgilim Sumqayıt” tamaşası da hazırlandı. J.P.Sartrın “Dəfn edilməmiş ölülər” pyesi teatrın səhnəsində özünün yeni həyatını yaşadı. C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin və Ə.Haqverdiyevin ölməz “Kimdir müqəssir?” faciəsinin səhnə yozumu da bu mövsümün payına düşür.
Qusar Dövlət Ləzgi Dram Teatrının da mövsümü rəngarəng olub. Rafiq Rəhimlinin “Sönmüş talelər” əsərini səhnələşdirən yaradıcı heyət “2+1” III Eksperimental teatr festivalı çərçivəsində bakılı sənətsevərlər qarşısında iki tamaşa ilə (“Üç gün, üç gecə”, “Sədəf”) çıxış edib. 20 Yanvara həsr olunmuş “Şəhidlər” tamaşası bu mövsümdə izləyicilərlərlə görüşüb. “Səkkiz qadın”, “Hərənin öz ulduzu”, “Peşəkar ər” tamaşaları da teatrın yeni səhnə işlərindəndir.
Mingəçevir Dövlət Dram Teatrı bu mövsümdə “Caninin etirafı” adlı tamaşa ilə teatr ictimaiyyəti qarşısına çıxıb. Yaradıcı heyət elə paytaxt Bakıya qastrolunu da bu nümunə ilə edib.
Cənub bölgəmizin sənət ocağı olan Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi mövsüm ərzində müəyyən işlər görsələr də, ölkənin digər konsert-tamaşa müəssisələri kimi, ümumilikdə nəzərdə tutduğu bir sıra layihələri gerçəkləşdirə bilməyib. 2019-cu ilin noyabrında Bakıda Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə keçirilən “Teatr həftəsi” çərçivəsində Lənkəran kollektivi böyük dramaturqun “Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş” tamaşasını təqdim edib.
Şəki Dövlət Dram Teatrı isə özünün mövsümünü J.Molyerin və M.Bulqakovun əsərləri əsasında “Xəstəlik xəstəsi və ya yaşasın teatr” tamaşası ilə açmışdı. Teatrda C.Cabbarlının “Sevil”, A.Məmmədovun “Dəli Domrul” əsərləri də bu mövsümdə tamaşaya qoyulub. Teatr C.Cabbarlının “Sevil” tamaşası ilə Bakıda da teatrsevərlərin qarşısına çıxıb.
Qazax Dövlət Dram Teatrında isə mövsüm ərzində R. Ağayevin “Bir gecənin nağılı” tamaşası təqdim olunub.
Ağdam Dövlət Dram Teatrı tamaşa planına uyğun olaraq nümayişlərini reallaşdırıb. Bu sıraya “Qəribə dilənçi”, “Cadu əməliyyatı”, “Mən ölməyəcəm”, “Qoşulub qaçan qız”, “Günahsızlar” tamaşalarını daxil edə bilərik.
Füzuli Dövlət Dram Teatrı da cəbhə xəttində yaşayan teatrsevərlərin sənət zövqünə xitab eləmək üçün fərqli səhnə əsərlərini yeni quruluşlarda təqdim edib. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azadlıq yolu”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun 110 illiyi ilə əlaqədar “Qafqaz dağlarından boylanan günəş” adlı poetik xalq tamaşalarını göstərmək olar. Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar hazırlanan “Yaddaş” tamaşası da bu mövsümə aiddir.
Pandemiyaya müqavimətini onlayn formatda tamaşa nümayişləri, sosial şəbəkələrdən canlı yayımlar və elə virtual məşqlərlə göstərən Azərbaycan teatr sənətinin təmsilçiləri bütün yarımçıq plan-proqramları ilə ümidlərini yeni mövsümə bağlayıblar. Elə biz tamaşaçılar da...
HƏMİDƏ