Beynəlxalq Muğam Mərkəzindən “Bizi birləşdirən mədəniyyət” verilişinin növbəti canlı yayımı Dövlət Akademik Opera və Balet Teatrının 100 illiyinə həsr edilib.
Verilişdə teatrın keçdiyi yola nəzər salınıb. Canlı efirin qonaqları Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, teatrın solistləri – əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Fərid Əliyev olub.
Baş rejissor teatrın tarixi haqqında danışıb. Vurğulanıb ki, Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasından başlanır. Teatrın binası 1911-ci ildə memar N.Q.Bayevin layihəsi əsasında inşa olunub. Opera və Balet Teatrı 1920-ci ildən bu binada fəaliyyət göstərir. Ötən dövr ərzində inkişaf edən bu teatr indi respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir.
Canlı yayım teatrın solistlərinin rəngarəng ifaları ilə yadda qalıb.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” verilişinin canlı yayımları həftə içi 5 gün Beynəlxalq Muğam Mərkəzindən efirə çıxır.