Musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirən hər bəstəkar həm də bu salnamənin yeni bir səhifəsinə çevrilir. Bəstəkarlıq məktəbimizin görkəmli nümayəndəsi, pedaqoq, Xalq artisti Azər Rzayev də belə sənətkarlardandır. O, musiqinin müxtəlif janrlarına müraciət edərək milli ənənələr üzərində dəyərli əsərlər yaradıb. Bu il mərhum musiqi xadiminin anadan olmasının 90 ili tamam olur. 

Azər Hüseyn oğlu Rzayev 15 iyul 1930-cu ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir. On yaşı olanda valideynləri onu Üzeyir Hacıbəylinin yanına aparırlar. Dahi bəstəkar Azərin kiçik bəstələrini dinləyir. Bundan sonra o, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik Musiqi məktəbində professor B.İ.Zeydmanın bəstəkarlıq sinfinə qəbul olunur. O daha sonra təhsilini skripka və bəstəkarlıq ixtisasları üzrə Azərbaycan Dövlət Konservatoriyasında davam etdirir.

Ali musiqi təhsili aldıqdan sonra ciddi yaradıcılıq yoluna qədəm qoyan Azər Rzayev ideya-sənətkarlığı ilə maraq doğuran əsərlər yazır. O, “Hacı Kərimin Aya səyahəti” musiqili komediyası, skripka ilə orkestr üçün 2 konsert, skripka alt və orkestr üçün ikili konsert, 7 simfonik poema, “Bakı – 90” simfoniyası və s. əsərləri ilə musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edir.

Qeyd edək ki, 1 nömrəli skripka və orkestr üçün konsert bəstəkarın diplom işidir. Bəstəkar bu əsəri ilk olaraq 1953-cü ildə maestro Niyazinin dirijorluğu ilə özü ifa edir. Həmin əsərə görə o, 1955-ci ildə Polşanın paytaxtı Varşavada keçirilən müsabiqədə laureat olur.

Gənc bəstəkar 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında kamera ansamblı üzrə müəllim, baş müəllim və professor kimi fəaliyyət göstərib. 1958-1960-cı illərdə Radio və Televiziya Komitəsində səs rejissoru işləyib, 1965-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının bədii rəhbəri olub.

Azər Rzayev 1972-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunur. Onun təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operaları yeni quruluşda tamaşaya qoyulur. Bəstəkar sonrakı illərdə də Üzeyir bəyin irsini diqqətdə saxlayır. Dahi bəstəkarın “Əsli və Kərəm” operasını xalq çalğı alətləri orkestri üçün, “Arşın mal alan” musiqili komediyasından Əsgərin ariyasını tar və kamera orkestri üçün, “Koroğlu” operasından “Çənlibel” səhnəsini xor və kamera üçün, “Leyli və Məcnun” operasının I pərdəsindən Leyli və Məcnunun duetini solistlər və kamera orkestri üçün işləyir.

Sənətkarın maraq doğuran əsərlərindən biri də 1964-cü ildə yazdığı fortepiano ilə orkestr üçün konsertdir. Araşdırmalarda qeyd edilir ki, müəllif bu əsəri qızına həsr edib. Əsərin ilk ifaçısı da elə qızı olub. O, 9 yaşında ikən bu konserti Niyazinin dirijorluğu ilə Moskva şəhərində ifa edir. Hətta onun çıxışını Moskva radiosu lentə alır. O zaman bu əsər Azərbaycanın bütün musiqi məktəblərində səslənir. Əsər Bakıda, Moskvada, Bolqarıstanda, hətta Amerikada da ifa olunub.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı sənətkarla bağlı yazılarının birində müəllifin “Bakı – 90” simfoniyası haqqında onun fikirlərinə yer verir: “Bir əsərim də var ki, onu ürəkağrısı ilə xatırlayıram. Bu əsəri göz yaşlarımla yazmışam. Bu, “Bakı – 90” simfoniyasıdır. Bu əsərdən söz düşəndə çox kövrəlirəm. Amma belə bir əsəri yazmağı özümə mənəvi borc sayırdım. Çünki biz sənətkarlar xalqın taleyini, faciəsini əsərlərimizdə əks etdirməliyik ki, bunlar gələcək nəsillərə də gedib çatsın. Bir sözlə, mən hər bir əsər üzərində işləyərkən xalqı yazmışam, əsərlərimi xalqa bəxş etmişəm”.

Azər Rzayev bəstəkar, pedaqoq, ifaçı və ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafı üçün dəyərli töhfələr verib. Yaradıcılığı və fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1972-ci ildə “Əməkdar incəsənət xadimi”, 1990-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2000-ci ildə “Şöhrət” ordeni, 2002-ci ildə “Humay” mükafatını alıb. 13 iyul 2010-cu ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib, Prezident təqaüdçüsü olub. Görkəmli bəstəkar 14 dekabr 2015-ci ildə vəfat edib.

S.FƏRƏCOV