Diasporla İş üzrə Dövlət Komitəsi videokonfranslar keçirib
Ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün mühüm işər həyata keçirilib. Bununla bağlı diaspor təşkilatlarının koordinasiya şuraları, müxtəlif ölkələrdə Azərbaycan evləri yaradılıb.
Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfransda komitənin sədri Fuad Muradov bildirib.
Dövlət Komitəsinin 2002-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan F.Muradov vurğulayıb ki, ümummilli liderin əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirə xaricdə və ölkəmizdə yaşayan elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri qatılıblar.
Videokonfransda dünyada yaşayan azərbaycanlılara həsr olunmuş “Diaspor himni” (sözləri – Rafael Hüseynov, musiqisi – Faiq Sücəddinov) səsləndirilib. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib və COVİD-19 pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumat verilib.
Azərbaycan diasporu ilə bağlı araşdırmaların müəllifi, akademik Rafael Hüseynov diasporun tanınmış üzvlərini Azərbaycanla xarici ölkələr arasında körpü və təmasların yaranmasında xüsusi rolu olan şəxslər adlandıraraq, ölkəmizdə onların fəaliyyətinə yüksək qiymət verildiyini nəzərə çatdırıb.
ABŞ, Niderland Krallığı, Türkiyə, Ukrayna, Rusiya, Kanada, Avstriya, Çili, Dubay, Polşa, Estoniya, Fransa, İtaliya, Tailand, Gürcüstan, İspaniya və bir sıra başqa ölkələrdən videokonfransa qatılan azərbaycanlılar ürək sözlərini bölüşüb, rəy və təkliflərini bildiriblər.
Beynəlxalq videokonfrans bədii hissə ilə yekunlaşıb. Türkiyədə yaşayan dirijor, bəstəkar, pianoçu, Əməkdar artist Turan Manafzadə dünya azərbaycanlılarına və ürəyində Azərbaycan sevdası olan hər bir şəxsə həsr etdiyi musiqi parçasını təqdim edib.
***
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə Qarabağ həqiqətlərinin dünyada təbliği və Ermənistanın Azərbaycanla dövlət sərhədində son günlər törətdiyi hərbi təxribatla bağlı birgə videokonfrans təşkil edib.
Dövlət Komitəsindən bildiriblər ki, videokonfransa Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təmsilçiləri, müharibə veteranları qatılıb.
Komitənin sədri Fuad Muradov Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat və onun qarşısının alınması barədə danışıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və nümayəndələri bu təxribat əməlinə qarşı etiraz bəyanatları yayır, beynəlxalq təşkilatları təcavüzkara qarşı addımlar atmağa çağırırlar.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev dünya azərbaycanlılarının bu istiqamətdə daha müfəssəl məlumatlandırılması üçün Komitə ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxış edənlər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun böyük rola malik olması barədə danışıb, xaricdə yaşayan azərbaycanlıların davamlı şəkildə məlumatlandırılmasının vacibliyini qeyd ediblər.