Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən XVII-XVIII əsrlərə aid  hamamın içərisində və ətrafında təmizlik işləri aparılıb.

Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınan hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub.

Bir hissəsi yer altında olan tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlarla bununla əlaqədar müvafiq söhbət də aparılıb. Amma yenə əraziyə zibil tökülməsi davam edib.

Vətəndaşlar isə yaxınlıqda zibil qutularının olmamasından gileyləniblər. Ərazidə zibil qutularının qoyulması üçün rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyinə və bələdiyyəyə müraciət olunub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları da tarixi abidənin yerləşdiyi ərazidə olublar.

Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Hamamın içərisi zibildən təmizlənib. Yaxınlıqda zibil yeşikləri qoyulub. Abidənin bərpa olunması məsələsi də gündəmdədir.