İyulun 13-də “Mədəniyyət” kanalında Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 2016-cı il Aprel döyüşlərinin şəhidi Mühüd Orucova həsr edilmiş “Vətən borcu” sənədli filmi nümayiş olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Vətən borcu” adlı filmdə kapitan Mühüd Orucovun həyat və döyüş̧ yolundan bəhs olunur. Filmin ideya və ssenari müəllifi Afət Telmanqızıdır.
Mühüd Orucov 1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. Təhsilini əvvəlcə C.Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə alıb.
“N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağımı komandiri vəzifəsindən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat taboru komandiri vəzifəsinə qədər şərəfli yol keçib. Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb.